Dövlət büdcəsində nəzərdə tutulan sosial xərclər tam icra olunacaq ÖZƏL - AÇIQLAMA

Dövlət büdcəsində nəzərdə tutulan sosial xərclər tam icra olunacaq ÖZƏL - AÇIQLAMA

"Pandemiya dövründə qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı fəaliyyətlər davam edir. Bu da təbii ki, büdcə üçün yeni gəlir mənbələridir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Vüqar Bayramov ölkədə büdcəyə daxilolmaları genişləndirmək məqsədilə yeni gəlir mənbələrinin təyin olunması ilə bağlı danışarkən deyib.

O bildirib ki, pandemiyanın təsirlərinin minimumlaşdırılması üçün yalnız dövlət büdcəsinin xərclərində deyil, eyni zamanda gəlir mənbələrində də diversifikasiyanın həyata keçirilməsi nəzərdə tutulub:

"Dövlət başçısı büdcə xərclərinə yenidən baxılması və təcili olmayan xərclərin təxirə salınması ilə bağlı göstəriş verib. Bu isə o deməkdir ki, cari və investisiya xərclərinin bir qismi növbəti illərdə icra oluna bilər. Eyni zamanda dövlət başçısı sosial xərclərin tam olaraq icra olunması ilə bağlı göstəriş verib və ölkə Prezidentinin tapşırığı ondan ibarətdir ki, neftin dünya bazarında qiymətinin aşağı olması və eləcə də pandemiyanın genişlənməsinə baxmayaraq 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan sosial xərclər tam olaraq icra olunacaq. Təbii ki, bu kontekstən büdcə gəlirlərinin strukturlarına yenidən baxılması və yeni gəlir mənbələrinin tapılması və büdcəyə bununla bərabər vəsaitin cəlb edilməsi vacibdir".

Millət vəkili bildirib ki, gizli iqtisadiyyatın leqallaşdırılması ilə bağlı islahatlar 2019-cu ildə öz töhfəsini verdi və 180 minə yaxın əmək müqaviləsinin bağlanması qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə imkan verdi:

"Eyni zamanda bu ilin aprel ayının geridə qalan günlərində 60 minə yaxın yeni əmək müqavilələri bağlanıb. Bu isə ondan xəbər verir ki, əslində pandemiya dövründə qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı fəaliyyətlər davam edir. Bu da təbii ki, büdcə üçün yeni gəlir mənbələridir. Əslində islahatlar dövlət büdcəsinə yeni gəlir mənbələrinin formalaşmasına imkan verir. Yeni gəlir mənbələri birbaşa iqisadiyyatın leqallaşdırılması, eləcə də gizli iqtisadiyyatın miqyasının daha da azalması nəticəsində formalaşır. Praktik olaraq bu ondan xəbər verir ki, Azərbaycanda həyata keçirilən dərinləşmiş islahalar, büdcədə yeni gəlir mənbələrinin formalaşmasına imkan verəcək. Bu da nəticə etibarilə imkan verəcək ki, pandemiya dövründə 20 fəaliyyət sahəsinin 11-də fəaliyyətlərin tamamilə, 9-da isə 70 faiz dayanmasına baxmayaraq yeni gəlir mənbələrinin əldə edilməsi qeyri-neft sektoruna büdcə daxilolmaların optimallaşdırılmasına imkan verəcək.

Bu baxımdan yeni post-pandemiya dövründə və islahatlar nəticəsində şəffaflaşan və eyni zamanda qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçən sektor büdcəyə daha çox ödənişin həyata keçirilməsinə imkan verəcək. Nəticədə büdcə qeyri-neft sekorunda yeni gəlir mənbələrinin formalaşması hesabına gəlirlərindəki optimallığı qoruyub saxlaya biləcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə