Xarici ticarət əməliyyatlarının 79 faizi 15 ölkənin payına düşür EKSKLÜZİV - MÜSAHİBƏ

Xarici ticarət əməliyyatlarının 79 faizi 15 ölkənin payına düşür EKSKLÜZİV - MÜSAHİBƏ

Azərbaycan hər il qlobal iqtisadi layihələrinin sayını artırır, beynəlxalq ticarət əlaqələrini genişləndirir və xarici dövlətlərlə hərtərəfli ticarət əlaqələri qurmağa çalışır. Xüsusilə də bu əlaqələri qeyri-neft sektoru fonunda genişləndirməyə davam edir.

Bütün bu proseslər ətrafında Azərbaycanın xarici ticarət əlaqələrini dəyərləndirmək üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə SİA-ya müsahibə verib. Sizə həmin müsahibəni təqdim edirik:

- Nicat bəy, ilk olaraq bunu öyrənmək maraqlı olardı, Azərbaycan ən çox hansı ölkələrlə ticarət əlaqələri saxlayır?

- İlk növbədə qeyd edək ki, 2019-cu ildə Azərbaycan dünyanın 160-dan çox ölkəsi ilə mikro, kiçik, orta və yüksək dəyərlərdə xarici ticarət əməliyyatları həyata keçirmişdir ki, bu da Azərbaycanın həm siyasi, həm də iqtisadi nəzərdən beynəlxalq münasibətlərini uğurlu şəkildə qurduğunun nəticəsidir. Bundan əlavə, xarici ticarət münasibətlərində diversifikasiyanın olması daimi və mövsümi hallarda istehlak bazarlarında dayanıqlığının qorunması, o cümlədən istehlakçıların seçimlərinin genişləndiriməsi cəhətdən mühüm faktordur. Xarici ticarət əməliyyatların 79,46 faizi 15 ölkənin payına düşür ki, bu ölkələrdən 8-i ilə dövriyyə 1 milyard ABŞ dollarından çox olmuşdur. Səkkiz ölkə arasında ilk yeri İtaliya tutursa, sonuncu yeri Hindistan tutur. Bundan əlavə, 15 ölkənin 5-i Avropa İttifaqı ölkələrinin, 3-ü isə Asiya qitəsinin payına düşür. Sözügedən ölkələr arasındakı ticarət münasibətlərində əsas yeri neft sektoru tutur.

- Hazırda ölkədəki sənaye iqtisadiyyatının vəziyyətini necə dəyərləndirirsiz?

- 2020-ci ilin yanvar ayında ümumi sənaye məhsulu 4,2 milyard ABŞ dolları olmuşdur ki, buda ötən ilin cari dövrü ilə müqayisədə 2,1 faiz çoxdur. Qeyd edək ki, qeyri-neft sənayesi isə ümumi sənaye məhsulunun 26 faizini təşkil edir. Qeyri-neft sənayesində 2020-ci ilin yanvar ayı üzrə artım 1,09 milyard ABŞ dolları təşkil etmişdir ki, buda ötən ilin müvafiq dövr ilə müqayisədə 16,6 faiz artım deməkdir. Azərbaycanda qeyri-neft sənaye istehsalının artırılması istiqamətində dövlət tərəfindən hər tərəfli dəstək tədbirləri həyata keçirilir. Bu sahədə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin ayrılması, sənaye məhəllələrinin yaradılması, dövlətə məxsus şirkətlərin Azərbaycan Sənaye Korporasiyasının çətiri altında cəmləşərək optimallaşdırılması və bu törəmə şirkətlərə sənaye buraxılışının artırılması və ixrac edilməsi Azərbaycanın sənaye iqtisadiyyatında irəliləməsinə təkan verəcəkdir.

- Yeni ticarət əlaqələri və ölkələrlə ticarətdə diverisifkasiya necə aparılır?

- Azərbaycan dövləti tərəfindən yeni ticarət əlaqələrinin qurulması istiqamətində dövlət tərəfindən institutsional tədbirlərin görülməsi, qanunvericilik bazasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması və təkmilləşdirilməsi, yeni ticarət əlaqələrinin formalaşması istiqamətində xarici ölkələrə dövlət vəsaiti hesabına ixrac missiyalarının təşkil edilməsi, ixrac potensialı çox olan məhsullara təşviq subsidiyalarının verilməsi, ixracatçıların xarici bazarlarda rəqabətqabiliyyətli olması üçün tədqiqat və inkişaf, habelə keyfiyyətli mal və məhsul üçün beynəlxalq standartların tətbiqi üçün maliyyə dəstəyi, ixracatçıların qiymət üstünlüyünə malik olması preferensial və sərbəst ticarət sazişlərinin bağlanılması, elektron ticarət platformalarına inteqrasiya üçün milli və yerli məhsulları özündə cəmləşdirən elektron platformanın (azexport.az) yaradılması, ixrac üçün sənədləşmələrin "bir pəncərə" prinsipi üzrə verilməsi kimi dəstək tədbirləri həyata keçirilir.

- Milli və yerli məhsulları özündə cəmləşdirən elektron platformanın yaradılması sahibkarlara nə verir?

-Təbii ki, bu tədbirlər sahibkarın ixrac etməsi üçün kifayət qədər unikal alətlərdir. Digər tərəfdən sahibkarlar sözügedən bu alətlərdən istifadə edərək xarici bazarlarda özlərinə yeni bazarlar tapmalıdırlar. Həmçinin, ixracda ölkələrin diversifikasiyası vacib amildir ki, hər hansı fövqəladə hadisələrin baş verməsi fonunda digər ölkələrlə bunu kompensasiya etmək mümkün olsun. Bundan əlavə, qeyri-neft ixracında Avropa qitəsi ölkələrinində payının artırılmasına ehtiyac var. Xüsusilə, Avropa Qitəsi ölkələri dünyanın iqtisadi cəhətdən dayanıqlı iqtisadiyyata və güclü valyutaya malik ölkələridir ki, ölkəmizə valyutanın gətirilməsinə məxsusi rola malikdir.

İxracın artırılmasında inzibatçılıq amilləri də vacibdir ki, bununla əlaqədar gömrük keçid məntəqələrində elektronlaşma tətbiq edilmiş və sahibkarın minimum vaxt və xərclə qarşı ölkəyə keçməsi üçün infrastruktur təkmilləşdirilmişdir. Habelə, ixracda qeyri-tarif baryerlərinin olmaması və liberal olması da ixracatçılar üçün xüsusi üstünlük hesab edilə bilər.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə