Qeyri-neft sektorundan hansı sahələrə investisiya qoyulur?

Neft və qaz Azərbaycanın əsas gəlir mənbəyi eyni zamanda da təəssüf ki, tükənən ehtiyyatlar hesab olunur. Buna görə də ölkədə sabit və stabil iqtisadi proseslərin olması üçün qeyri-neft sektoruna da hər il xüsusi diqqət ayırılır. 2019-cu ilin yanvar-iyun ayları ərzində iqtisadiyyatın qeyri-neft sektorunda 22,300 milyon manatlıq əlavə dəyər yaradılmış və onun 51.2%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinə sərf olunub.

İqtisadiyyat Nazirliyinin rəsmi saytına əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz artıb. Qeyd edək ki, ölkədə qeyri-neft sektorunun 2018-ci il üzrə yekun statistikasına görə ümumi 46671.3 milyon manatlıq əlavə dəyər yaradılıb və onun 55.7%-i sosial və digər xidmətlərin payına düşüb.

2019-cu ilin yanvar-iyun ayları ərzində yaradılan əlavə dəyərin Ümumi Daxili Məhsulda xüsusi çəkisi 59 faiz təşkil edib. Həmin dövr ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.8% artıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına 2019-cu ilin 6 ayı ərzində layihələrin ümumi dəyəri 177,8 milyon manat olan 510 sahibkara geri qaytarılan vəsaitlər hesabına 48.2 milyon manat, o cümlədən 465 kiçik həcmli layihəyə 5.4 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlərin 43.6%-i regionların, 56.4%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.

Həmçinin dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, hazırda respublikanın 33 rayonu üzrə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması üzrə işlər davam etdirilir.

Nigar MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...