Nazim Məmmədov: “Qiymət artımı daha çox süni amillərlə bağlıdır”
"Ərzaq qiymətlərinin artması daha çox süni amillərlə bağlıdır, nəinki obyektiv amillərlə". SİA-ya açıqlamasında bu sözləri iqtisadçı ekspert Nazim Məmmədov Novruz bayramı ərəfəsində ərzaq qiymətlərinin artmasına münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, sahibkarlar daha çox gəlir əldə etmək üçün ölkə daxilində əsassız olaraq bəzi ərzaqların qiymətini 30-50 faiz artırırlar. O, dünya ölkələrində fərqli mənzərə ilə qarşılaşmağın mümkün olduğunu bildirib: "Dünya ölkələrin təcrübəsinə baxanda görürük ki, kəskin qiymət artımı müşahidə olunmur. Qiymət artımı adətən bir-iki faiz qeydə alınır. Bu artım da adətən iqtisadi amillərlə, tələb və təkliflə bağlı olur. Azərbaycanda qiymət artımı başlıca olaraq bayram ərəfəsində və qış mövsümündə reallaşır. Digər bir amil isə sahibkarların daha çox mənfəət əldə etmək istəyi ilə bağlıdır. Sahibkarlar tələbin daha çox olduğu dövrdə daha çox vəsait qazanmaq istəyirlər".
Qiymət artımına müdaxilə tədbirlərinə gəlincə, N.Məmmədov hesab edir ki, problemi inzibati metodlarla həll etmək olmaz: "Bazarda daha çox bolluq yaratmaq, bazara çıxışları asanlaşdırmaq lazımdır. Fermerlərə məhsul istehsalı ilə məşğul olması üçün hökumət onlara infrastrukturu yaxşılaşdırmaq imkanı verməlidir, bu istiqamətdə atılan addımlar daha da sürətləndirilməlidir. Dünyada ərzaq qıtlığı var və bunun Azərbaycana mümkün təsirini azaltmaq üçün müvafiq addımlar atılmalıdır".
N.Məmmədovun fikrincə, qiymət artımını davam edəcəyi halda inflyasiyanın iki rəqəmlə ifadə olunması gözlənilməlidir. Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2011-cu ildə 11,2 faiz inflyasiyanın olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə hesab edir ki, 2011-ci ildə ölkədə inflyasiyanın 2010-cu ildəkindən bir qədər artıq olacağına baxmayaraq, ötən il olduğu kimi bir rəqəmli səviyyədə qalacağı gözlənilir. Keçən il Kür çayının ətrafındakı ərazilərin su basması nəticəsində aqrar sahədə müəyyən geriləmənin müşahidə olunduğunu deyən N.Məmmədov bildirib ki, onun proqnozları İTM-in proqnozlarından daha yüksəkdir: "İqtisadi fəallıq artır. Dünya bazarlarında neftin qiyməti qalxdığına və Azərbaycan da idxaldan müəyyən qədər asılı ölkə olduğuna görə ölkəyə idxal inflyasiyası çox sürətlə gəlir. Bəzi ərzaq məhsullarımızın 50 faizindən çoxu xaricdən gətirilir. Onların qiymətinin də yüksək olacağı təxmin edilir və bunun Azərbaycana təsiri qaçılmazdır. Hesab edirəm ki, inflyasiya 14 faizdən aşağı olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB