FED-in geri addımı Azərbaycana təsir edəcəkmi? EKSPERT RƏYİ-ÖZƏL

FED-in geri addımı Azərbaycana təsir edəcəkmi? EKSPERT RƏYİ-ÖZƏL

“ABŞ lideri Donald Tramp hakimiyyətə gələndən FED-in siyasəti əleyhinə çıxıb ki, dolların kursunun möhkəmləndirilməsi düzgün yanaşma deyil. Tramp hesab edir ki, bu, ölkə iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, Tramp bunu hakimiyyətə gəlməzdən öncə də qeyd edirdi, prezident seçildikdən sonra da dəfələrlə FED rəhbərliyinin apardığı bu siyasəti tənqid etdi: “Onun dediklərində bir həqiqət var idi ki, Federal Ehtiyat Sistemi uzunmüddətli şəkildə uçot dərəcəsini yüksəltməkdə davam edə bilməzdi. Çünki bu, ölkənin ixrac potensialı və iqtisadiyyatda müşahidə olunan artımla bağlı yaxşı heç nə vəd etmir. Çox keçmədi ki, bu özünü doğrultdu”.

Ekspertin fikrincə, xüsusən ABŞ-ın Çin və Avropa Birliyi ilə ticarət anlaşılmazlıqlarına start verməsi FED-in bu siyasətinin səhv olduğunu daha tez üzə çıxartdı: “Ölkə iqtisadiyyatında 2008-2009-cu illərdə müşahidə olunan məlum qlobal maliyyə-iqtisadi böhrandan sonrakı dövrdə əldə olunan bərpa və iqtisadi artım tempi hiss olunacaq dərəcədə zəifləməyə başlamışdı. Bu ilin əvvəlindən etibarən zəifləmə tempi özünü daha açıq şəkildə göstərməyə başladı. Ona görə də ABŞ-ın Çin və Avropa Birliyi ilə olan ticarət anlaşılmazlıqları məsələsi hələ ki ortadan qalxmayıb. FED-in artıq 1 il ərzində 3-cü dəfə geriyə addım artması anlaşılandır və təbii qarşılanmalıdır. Növbəti addımlarda da bu siyasətin davam etdiriləcəyini gözləməyə dəyər”.

P. Heydərov əlavə edib ki, bu qərarın Azərbaycana birbaşa hər hansı təsiri yoxdur: “ABŞ dollarının ucuzlaşması neftin qiymətinin bahalaşmasının qarşısını alır. Azərbaycan manatının məzənnəsini müəyyən edən neftin dünya bazarındakı qiymətləridir. Adətən ABŞ dolları möhkəmlənəndə neftin qiyməti aşağı düşür, neft bahalaşanda isə dollar ucuzlaşır”.

İqtisadçının fikrincə, Federal Ehtiyat Sisteminin bu qərarları o demək deyil ki, ABŞ dolları dərhal zəifləyəcək, mövqelərini itirəcək: “Birinci qərarda bu özünü göstərmədi, ikinci qərarda cüzi olaraq hiss olundu. Mən güman etmirəm ki, budəfəki qərar ABŞ dollarını ciddi şəkildə zəiflədəcək. Bu gözlənilmir. Əgər olsa belə bunun özü dünya bazarında neftin qiymətinin sonrakı dövrdə bahalaşmasının önündə bir sədd yaradır. Neftin indiki qiyməti bizə sərf edir, manatın bugünkü dəyəri üçün yetərlidir, o zaman FED-in son qərarlarından dolayı manatla bağlı narahatlığa əsas yoxdur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə