Mərkəzi Bankda yerli bankların nümayəndələri ilə görüş keçirilib

Mərkəzi Bankda yerli bankların nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Bankda Azərbaycan Banklar Asossiasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının, bank sektorunun və biznes icmasının nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan İpoteka Fondu və Maliyyə Monitorinq Xidmətinin, Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi də iştirak edib.
 
Mərkəzi Bankın idarə heyətinin sədri E.Rüstəmov ölkə rəhbərliyinin həyata keçirdiyi müasirləşmə və inkişaf strategiyası nəticəsində milli iqtisadiyyatın nailiyyətləri barədə məlumat verib. Qeyd edib ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli iqtisadiyyatın daha da müasirləşdirilməsi və şaxələndirilməsi, biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması və sağlamlaşdırılması, kiçik və orta sahibkarlığın rolunun artırılması ilə əlaqədar ciddi göstərişlər vermiş, yeni strateji təşəbbüslər irəli sürüb. Bu strategiyanın reallaşdırılması istiqamətində Mərkəzi Bank və bank sektoru qarşısında da ciddi vəzifələr durur.
Görüşdə sahibkarlığın və əhalinin maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədi ilə banklar tərəfindən təklif edilən kredit məhsulları üzrə faizlərin, o cümlədən digər bank xidmətləri üzrə tariflərin bir daha nəzərdən keçirilməsi məsələsinə toxunulub. Həmçinin əhalinin maliyyə, xüsusilə sosial ödənişlər üzrə xidmətləri daha ucuz əldə etmələri yolları müzakirə edilmişdir. Bu zaman sahibkarlıq fəaliyyətinin bir növü olan bank fəaliyyətinin özünün də xərcləri, onun strukturu, bank məhsulları və xidmətlərinin maya dəyərinin azaldılması məsələsinə diqqət yetirilib. Qeyd olunmuşdur ki, əhali və sahibkarların bank xidmətləri barədə məlumatlandırma səviyyəsi artırılmalı, onlara ətraflı və təfərrüatlı izahatlar verilməlidir. Bank-müştəri münasibətlərində şəffaflıq prinsiplərinə ciddi əməl olunmalı və lüzumsuz bürokratiyaya yol verilməməlidir. Bank əməkdaşlarının etik davranış səviyyələri artırılmalı, müştərilərlə rəftarda yüksək korporativ mədəniyyət nümayiş etdirilməlidir.
Xüsusi olaraq ölkənin ərzaq təhlükəsizliyinin etibarlı qorunması baxımından aqrar sektor və fermer təsərrüfatlarının səmərəli maliyyələşməsi mexanizmləri barədə müzakirələr aparılmışdır. Burada bankların regional şəbəkəsinin daha aktiv fəaliyyət göstərməsinə və müvafiq maliyyə innovasiyalarına diqqət yetirilib.
Qeyd edilib ki, qarşıya qoyulmuş mühüm vəzifələrdən biri də iqtisadiyyatda nağdsız ödənişlərin genişləndirilməsidir. Mərkəzi Bank, banklar və əlaqədar iqtisadi qurumlar birlikdə iqtisadi subyektlərin yaradılmış ödəniş infrastukturundan aktiv istifadə etmələri üçün fəal iş aparmalıdırlar. Banklar nağdsız ödənişlər üzrə stimullaşdırıcı fəaliyyətə başlamalı, əqdlərin daha sərfəli qiymətlə aparılmasına çalışmalı, müştərilərə təklif edilən texnoloji infrastrukturu daha da genişləndirməli və təkmilləşdirməlidirlər. İpoteka kreditlərinə böyük tələbatın olması daxili bazarın maliyyə imkanlarından istifadəni zəruri edir. Kreditlərin verilməsi zamanı vətəndaşların müraciətlərinə vaxtında baxılmalı, izafi bürokratiya aradan qaldırılmalıdır. Kreditlərin verilməsi prosesində vaxt və çəkilən xərclər minimuma endirilməlidir. Bunun üçün elektron ipoteka sisteminin yaradılması üzrə başlanan işlər tamamlanmalı, insan amilinin rolu aşağı salınmalıdır.
Bildirilib ki, biznes mühitinin sağlamlaşdırılması istiqamətində Mərkəzi Bankın yanında fəaliyyət göstərən Maliyyə Monitorinqi Xidməti də mühüm rol oynayacaqdır. Xidmətin əlaqədar orqanlarla birgə fəaliyyətinin səmərəliliyi artırılmalıdır. Banklar çirkli pul vəsaitlərinin bank sektoru vasitəsilə leqallaşdırılmasının qarşısının alınması üçün daxili sistemlərini və nəzarəti gücləndirməlidirlər.
Tədbirin sonunda Banklar Assosiasiyası və Sahibkarlar Konfederasiyası ilə birlikdə müzakirə edilən məsələlər üzrə müvafiq işçi qrupların yaradılması qərara alınmışdır. Qeyd edilmişdir ki, müzakirədə qaldırılan aktual məsələlər daha dərindən araşdırılacaq və tədbirlər planı hazırlanaraq reallaşdırılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə