Yasamal rayonunun Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda martın 9-da Novruz yarmarkası təşkil edilib.
SİA xəbər verir ki, respublikanın müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları bazar qiymətlərindən 30-40 faiz ucuz qiymətə yarmarkada əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını təklif edirlər. Müvafiq qurumlar tərəfindən yarmarkada məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunur.
Ölkə başçısının, Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil edilən bu yarmarkalarda məqsəd fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə sata bilməsinə, əhalinin isə daha ucuz qiymətə məhsul almaq imkanı qazanmasına şərait yaradılmasıdır. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında belə tədbirlər mühüm rol oynayır. Satıcı və alıcıların rahatlığının təmin olunması üçün yarmarkalarda əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları öz məhsullarını satmaq üçün yarmarkalara həvəslə gətirir və alıcılara bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Məhz buna görə də Novruz yarmarkalarında alıcı fəallığının yüksək olduğu müşahidə olunur.
Yarmarkaya gələn Bakı sakinləri bildirirlər ki, təklif edilən kənd təsərrüfatı məhsullarının qiyməti bazarla müqayisədə xeyli aşağıdır. Sakinlər buradakı qiymətlərdən razı olduqlarını deyirlər. Yaradılan səliqə-sahmandan, satıcıların müştərilərlə rəftarından razılıq edirlər. Vətəndaşlar üçün belə bir şərait yaratdığına görə sakinlər dövlətimizin başçısına minnətdar olduqlarını bildirirlər.
Xatırladaq ki, ölkə başçısının tapşırığı ilə martın 2-dən etibarən paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində hər həftənin şənbə və bazar günləri yarmarkalar keçirilir. Qeyd edək ki, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB