Sosial inqlab nümunəsi TƏHLİL

Əhalinin rifahını günü-gündən yaxşılaşdırmaq, sosial müdafiəsini təmin etmək və həyat səviyyəsini yüksəltmək dövlətimizin sosial-iqtisadi inkişaf konsepsiyasının priorotet istiqamətidir. Sosial yönümlü qərarların verilməsi, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi artıq Azərbaycanda ənənə halını alıb. Bu ənənə ölkə başçısının, Cənab Prezident İlham Əliyevin iradəsi, eyni zamanda rəhbərliyi ilə uğurla davam etdirilir.

Ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır və Azərbaycan vətəndaşı daim diqqət mərkəzindədir. Təsdiq edir ki, Azərbaycan dövləti vətəndaşların qayğısına qalır və mütəmadi olaraq bu istiqamətdə işlər aparır. Vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni iş yerlərinin açılması, məşğulluqla bağlı məsələlərin həll edilməsi, işsizliyin aradan qaldırılması, bir-birinin ardınca sosial layihələrin hazırlanması və tətbiq edilməsi buna əyani sübutdur.

Qlobal bohran manatın devalvasiyasına, xarici valyutada borc alanların öhdəliklərinin artmasına və insanların yaşayış şəraitinə təsirsiz ötüşmədi

Qlobal iqtisadi böhran, dünyada hökm sürən maliyyə böhranı sözsüz ki, təsirsiz ötüşə bilməzdi və ötüşmədi də. Qeyd olunan böhranla əlaqədar enerji resurslarının qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərdiyi və nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsi də inkar edilə bilməz. Qlobal iqtisadi və maliyyə böhranı səbəbindən ölkəmizdə xarici valyuta ilə borc alan vətəndaşların banklar qarşısında öhdəliklərinin artması, hətta artan bu öhdəliklərə görə məhkəmə müstəvisində bu məsələlərə baxılma hallarının çoxalması da günün reallığıdır.
Sözsüz ki, qlobal bohran və enerji resurslarının qiymətlərinin aşağı düşməsi manatın məzənnəsinin devalvasiyasına öz təsirini göstərə bildi. Məhz bu səbəbdən də xarici valyutada borc alan vətəndaşların öhdəlikləri artdı və bu borc alan insanların yaşayış şəraitinə də təsirsiz ötüşmədi. Əbəs yerə deyil ki, manatın devalvasiyasından sonra xarici valyuta ilə götürülən kreditlərlə bağlı məsələlər cəmiyyətdə müzakirə olunan məsələlərdən biri kimi diqqəti cəlb edirdi.

Problemli kreditlərlərin həlli ölkə başçısının iradəsi ilə reallaşdırılan ciddi sosial təşəbbüsdür

Problemin optimal həlli yollarının tapılması, məsələnin ən əlverişli şəkildə həll edilməsi üçün hələ ötən 2018-ci ildən ictimai müzakirələrin aparılması heç də təsadüfi deyildi. Azərbaycan Prezidentinin tapşırığı ilə hökumət bu istiqamətdə fəal iş aparır, təkliflər hazırlanırdı ki, bu gün biz bu işin müsbət nəticələrinin şahidiyik. Sözügedən məsələ ilə bağlı eyni zamanda Milli Məclisdə də müzakirələr aparılması, müxtəlif təkliflər irəli sürülməsi təsdiq edir ki, problemli kreditlərlərin həlli ölkə başçısının iradəsi ilə reallaşdırılan ciddi sosial təşəbbüsdür. Bu təşəbbüs enerji resurslarının qiymətlərinin azalması səbəbindən baş verən devalvasiya səbəbindən vətəndaşların üzləşdiyi maliyyə itkisini qarşılamaq, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır.
Sözsüz ki, xarici valyuta ilə əldə etdikləri kreditlərə görə borclanan vətəndaşların maliyyə yükünün azaldılması üçün dövlətin maliyyə imkanları, bir sözlə maliyyə resurslarının olması tələb olunur. Sevindirici haldır ki, son dövrdə respublikamızda makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf tempinin bərpa edilməsi və artması maliyyə imkanlarının artması ilə nəticələnib. Hazırda bu artan maliyyə imkanları, əldə olunan resurslar əhalinin xarici valyutada olan borclarının ödənilməsinə dövlət dəstəyinin göstərilməsinə imkan verir.

Ölkə başçımızın iradəsi və rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü tədbirlərin, dövlətimizin yürütdüyü sosial siyasətin dünyada analoqu yoxdur

Müqaisəli şəkildə yanaşsaq görərik ki, bəzi ölkələrdə də analoji təşəbbüslər irəli sürülsə də bu təşəbbüslər reallaşdırılmayıb. Bu təşəbbüslərin reallaşdırılması bir çox ölkələrdə dövlət üçün ciddi problemlər vəd etdiyi səbəbindən, reallaşdırılmayıb və ümumiyyətlə təxirə salınıb. Ən yaxşı halda bəzi ölkələrdə buna bənzər təşəbbüslərin reallaşdırılması bəlli olmayan müddətə kimi uzadılıb. Azərbaycanda isə bu təşəbbüs ən qısa zamanda reallaşdırılıb və dərhal öz həllini tapıbsa, deməli, bu müqaisə təsdiq edir ki, ölkəmiz digərlərinə örnək kimi də qəbul olunmalıdır.
Bizim digər ölkələrlə fərqimiz ondan ibarətdir ki, bizdə bütün məsələlər öncədən yetərincə araşdırılıb və tam əminliklə qərar verirlib. Problemin ciddiliyi, onun həllinin vacibliyi məsələnin həllini, təşəbbüsün realladırılmasını labüd edib. Bu baxımdan irəli sürülən təşəbbüsün reallaşdırılmasının büdcəyə təsiri, maliyyə imkanları, səmərəli tətbiq mexanizmi əvvəlcədən nəzərə alınıb və müvafiq səmərəli variant ortaya qoyularaq təşəbbüs təxirə salınmayıb. Bir sözlə, vətəndaşların qayğısına qalmaq, yaşayış şəraitinin yaxşılaşdırılmasını təmin etmək, maliyyə yükünü azaltmaq üçün dövlət yetərincə addımlar atıb və nəticə də göz qabağındadır.
Aparılan müqaisəli təhlil də təsdiq edir ki, ölkə başçımızın iradəsi və rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü tədbirlərin, dövlətimizin yürütdüyü sosial siyasətin dünyada analoqu yoxdur. Təkcə bu il sosial sahədə qəbul olunan qərarlar, həmçinin problemli kreditlərlə bağlı qərarlar bunun əyani şəkildə isbatıdır. İndi bütün dünya ictimaiyyəti etiraf etmək məcburiyyətindədir ki, ölkə başçımızın iradəsi, şəxsi təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü tədbirlər, eləcə də problemli kreditlərin həlli inqlabi qərarlardır. Etiraf edilməlidir ki, Cənab Prezident İlham Əliyevin sosial sahədə qəbul etdiyi qərarlar məhz sosial inqlab nümunəsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə