"Neftin qiymətinin bahalaşması ARDNF-ın gəlirlərini 5.2 milyard artırıb"
“Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Valyuta ehtiyatlarımız ÜDM-yə bərabər səviyyədədir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə haqqında çıxış edərkən deyib.
O bildirib ki, dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə nəticələrə çox nadir hallarda rast gəlinir: “Bu uğurlar düşünülmüş siyasət nəticəsində əldə edilib. Bu gün Azərbaycanın iqtisadiyyatı heç kimdən asılı deyil. Bu yaxınlarda Cənub Qaz Dəhlizi və onun bir qolu olan TANAP reallaşdı. Bakı Dəniz Limanın istifadəyə verilməsi ölkəmizin tranzit ölkə kimi nüfuzunu daha da artıracaq. Bütün bunlar cənab prezidentin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir”.
Komitə sədri söyləyib ki, dövlət büdcəsi layihələrin reallaşmasında mühüm rol oynayır: “İnvestisiyaların artması, özəl sektorda inkişaf, tədiyyə balansında müsbət meyllərin qorunub saxlanması dövlət büdcəsinin artmasına səbəb olub. Bildiyiniz kimi Azərbaycanın dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə neft faktorundan asılıdır. Dünya bazarında neftin qiymətinin bahalaşması Dövlət Neft Fondunun gəlirlərini 5.2 milyard artmasına şərait yaradıb. Bütün bunlar imkan verir ki, Azərbaycan daha iri miqyaslı layihələr həyata keçirsin. Bu artım azərbaycanda adambaşına düşən büdcə xərslərinin artmasına imkan yaradacaq”.
Z. Səmədzadə qeyd edib ki, Dövlət Gömrük Komitəsində proqnozlar kifayət qədər uğurla icra olunur: “Sahibkarlar yaradılan şəffaf şəraitlərdən məmnunluq bildirirlər. Artıq gömrük proqnozları artıqlaması ilə həyata keçirilib. Bütün bunlar ölkənin maliyyə resurslarının artmasına şərait yaradır. Maliyyə, Vergilər, İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında koordinasiyalı iş aparılır. Əgər qurumlar arasında birgə əməkdaşlıq həyata keçirilərsə, bizim uğurlarımız daha da arta bilər”.
Komitə sədri qeyd edib ki, 2018-ci ilin büdcəsi AXC-nin 100 illiyinə hədiyyə oldu: “Bildiyiniz kimi dünyada hökm sürən qlobal maliyyə böhranına görə ölkəmizin büdcəsində maliyyə azaldılmışdı. Amma görülən işlər nəticəsində bu maliyyənin artmasına nail ola bildik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB