XXV Beynəlxalq “Caspian Oil and Gas” konfransı başa çatıb

Bakıda keçirilən XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransı başa çatıb. SİA xəbər verir ki, konfransın ikinci günündə, mayın 31-də “Xəzər neft-qaz sərgi və konfransının Azərbaycan neft sənayesinə və elmə 25 il ərzində verdiyi töhfələri” adlı sessiyada çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanın neft-qaz sənayesinin tarixindən, əldə olunan nailiyyətlərdən və qazanılmış uğurlardan danışıb.

“Hazırda Azərbaycanda hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları hesabına əldə edilir. İşlənmənin əvvəlindən bu il mayın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlarından 455 milyon tondan çox neft və 145 milyard kubmetr təbii qaz hasil olunub. Artıq 19 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən 2018-ci il mayın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 258 milyon ton mənfəət nefti satılıb. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 60 faizini təşkil edir”, - deyə SOCAR-ın rəsmisi bildirib.

“BP Azerbaijan” geoloji-kəşfiyyat üzrə vitse-prezident Qreq Rayli isə şirkətin Azərbaycandakı 25 ildən çox müddətdə həyata keçirdiyi geoloji-kəşfiyyat layihələrindən danışıb.

Konfransın “Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili” adlı sessiyasında çıxış edən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib: “SOCAR 2014-cü ildən bu vaxtadək 4,5 milyard kubmetr səmt qazını platformalarda tutaraq ölkənin qaz təsərrüfatına verib. Hər il təxminən 1 milyard kubmetr səmt qazı əhalinin istehlakına yönəldilir. “Neft Daşları” neft və qazçıxarma idarəsindən (NQÇİ) il ərzində 250-280 milyon kubmetr, “28 May” NQÇİ-dən illik 300-310 milyon kubmetr, “Çıraq” platformasından isə ildə 330-350 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə verilir. “Siyəzənneft” NQÇİ-nin ərazisində isə 63 quyudan il ərzində 7 milyon kubmetr səmt qazının yığılaraq əhaliyə ötürülməsi nəzərdə tutulur: “Ümumiyyətlə, dünya praktikasında qəbul olunmuş şamda yandırılma əmsalı 5 faiz olduğu halda bu göstərici SOCAR-da 2014-cü ildə 2 faiz, 2016-cı ildə 1,74 faiz və 2017-ci ilin avqust ayında isə 1 faiz olub”.

“Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər” adlı sessiyada çıxış edən “SOCAR Karbamid” zavodunun direktoru Xəyal Cəfərov bildirib ki, “SOCAR Karbamid” zavodunda ümumilikdə işlərin 99,4 faizi yekunlaşıb, mühəndislik işləri 100 faiz, satınalmalar 100 faiz, tikinti işləri isə 98 faiz tamamlanıb.

“Zavodda ilk məhsul ammonyak olacaq. Onun istehsalına bu ilin avqust-sentyabr aylarında başlanması planlaşdırılıb. Zavod il ərzində 650 min ton məhsul istehsal edəcək ki, bunun da 150-200 min tonu daxili bazara yönəldiləcək”, - deyə X.Cəfərov qeyd edib.

İki gün davam edən konfransda 49-dan artıq spikerin məruzələri dinlənilib. Builki konfransda aparıcı şirkətlərin 500-dən çox şirkət rəhbərləri, sənaye nazirliklərinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edib. Konfransda aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərlərini, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayıb və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradıb.

“Caspian Oil and Gas” konfransı Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə