“Petkim” neft-kimya kompleksinin nəzdində yeni neft emalı zavodu inşa ediləcək

“Petkim” neft-kimya kompleksinin nəzdində yeni neft emalı zavodu inşa ediləcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan iqtisadi komissiyasının həmsədri, "İtoçu" korporasiyasının icraçı direktoru və energetika, mineral ehtiyatlar sektorunun prezidenti Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul üçün təşəkkürünü bildirən qonaq Azərbaycana son dəfə dörd il əvvəl səfər etdiyini söyləyib, ötən müddətdə ölkəmizin iqtisadi inkişafında baş verən irəliləyişləri yüksək qiymətləndirib. ARDNŞ-nin liderliyi ilə Azərbaycan neft-qaz sənayesində nəzərəçarpacaq uğurlar qazanıldığını vurğulayan qonaq Bakıya budəfəki səfərindən xüsusilə məmnun qaldığını söyləyib.

O təmsil etdiyi "İtoçu" korporasiyasının Azərbaycanla artıq 15 ilə yaxındır ki, sıx əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorunda müxtəlif layihələrdə tərəfdaş olduğunu xatırladaraq, həyata keçirdikləri beynəlxalq layihələr arasında AÇG layihəsinə xüsusi etimad göstərildiyini nəzərə çatdırıb və "İtoçu"nun bu layihədə iştirakını genişləndirmək niyyətini ifadə edib. Qonaq həmçinin ARDNŞ ilə beynəlxalq miqyasda neft və neft məhsullarının treydinqi, habelə neft kimyası sahəsində əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

"İtoçu" korporasiyasının Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılıqla söz açan ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkədə, o cümlədən neft-qaz sənayesində qazanılan uğurları yüksək qiymətləndirdiyinə görə Yoiçi Kobayaşiyə təşəkkür edib, birgə layihələrin icrasının bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib. O, ARDNŞ-nin idarəçiliyində olan "Petkim" neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edəcək yeni neft emalı zavodunun inşası üçün Türkiyə hökumətindən müvafiq razılıqların alındığını nəzərə çatdıraraq bu sahədə əməkdaşlıq üçün geniş perspektivlər yarandığını söyləyib. R. Abdullayev "İtoçu" ilə ARDNŞ arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bu və digər layihələrdə əlverişli imkanların mövcud olduğunu qeyd edib, digər maraqlı şirkətlərlə yanaşı Yaponiyanın bu iri korporasiyasının təkliflərinin də diqqətlə nəzərdən keçiriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə