Azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Martın 30-da Dövlət Gömrük Komitəsində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov vurğulayıb ki, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi itkisiz ötməyib. 1918-ci il martın son günlərində daşnak-bolşevik qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktında da məqsəd Azərbaycanda milli qüvvələrin artan nüfuzunun qarşısını almaq və milli ruhu məhv etmək olub.

Sənan Muxtarov diqqətə çatdırıb ki, rəsmi məlumatlara əsasən, 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda, ümumilikdə, 50 minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir.

Eyni zamanda, vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu il müvafiq sərəncamı ilə azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi isə yalnız ölkə ictimaiyyətinin deyil, bütövlükdə, dünyanın diqqətinin soyqırımla bağlı əsil həqiqətlərə yönəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Sonra tədbirdə "Azərbaycan multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırım siyasəti - son 100 il" mövzusunda gənc gömrük əməkdaşları üçün mühazirə oxunub.

Dövlət Gömrük Komitəsi Akademiyasının rəis müavini Nizami Quliyevin mövzu ilə bağlı mühazirəsində tarixən müxtəlif xalqların Azərbaycan ərazisinə köçürülməsi, həmin xalqların yerli əhali ilə münasibətləri barədə məlumat verib. Azərbaycan xalqının daim digər xalqlara qarşı mehriban qonşuluq və dostluq hissləri bəslədiyi vurğulanib, lakin 19-cu əsrin birinci yarısından etibarən Azərbaycana köçürülən ermənilərin müxtəlif dövrlərdə xalqımıza qarşı ərazi iddiaları ilə çıxış edərək soyqırım aktları törətdikləri bildirilib.

Nizami Quliyev qeyd edib ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

Məruzədə ümummilli lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövründə azərbaycançılıq ideyalarının formalaşdırılması və təbliği ilə bağlı gördüyü işlərdən də bəhs olunub, 1918-ci il Mart Soyqırımına siyasi qiymətin ilk dəfə ulu öndər tərəfindən verildiyi bir daha diqqətə çatdırılıb. Vurğulanıb ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə