DGK məcburi köçkünlərlə bayram sovqatı paylayıb

Novruz bayramı günlərində, martın 23-də Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı Biləsuvar rayonu ərazisində məskunlaşan, Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb, onlara bahar sovqatı aparıblar.

SİA-nın məlumatına görə, məcburi köçkünləri Novruz bayramı münasibətilə təbrik edən gömrükçülər, əziz bayramımızın ayağının sayalı olacağına, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə və onların doğma ocaqlarına qayıdacaqlarını əminliklərini ifadə ediblər. 2016-cı ilin aprel döyüşlərini xatırladan gömrükçülər qeyd ediblər ki, bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

Vurğulanıb ki, aprel döyüşləri nəticəsində düşməndən geri alınmış Cocuq Mərcanlıya qayıdış böyük qayıdışın başlanğıcıdır. Bu qayıdışı biz tezliklə bütün torpaqlarımızda gerçəkləşdirəcəyik.

Maddi və mənəvi dəstəyə görə xoş arzularını dilə gətirən məcburi köçkünlər inamla bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında, ölkəmiz qüdrətli bir dövlətə çevriləcək, torpaqlarımız düşmən tapdağından azad olunacaq, xalqımız daha firavan həyata qovuşacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə