Uşaq əməyinin istismarına qarşı hansı tədbirlər görülməlidir? AÇIQLAMA
Bəşəriyyətin qlobal problemlərindən biri, hətta ən acınacaqlısı uşaq əməyinin istismarıdır. Təkcə kənd təsərrüfatı sahəsində dünya üzrə 132 milyon uşaq çalışır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə, dünyada hər 100 uşaqdan 16-sının əməyindən istifadə olunur. Bu sözləri SİA-ya açıqlamasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” ictimai birliyinin rəhbəri Lamiyə İsazadə deyib.
Onun sözlərinə görə, bu uşaqlardan bir çoxu heç 5 yaşını belə tamamlamayıb: “Nə qədər acı olsa da, Azərbaycanda da uşaq əməyinin istismarına rast gəlinir. Bu, onları təhsildən yayındırmaqla yanaşı, gələcəklərini də kölgə altına salır. Əsasən baxımsız və kimsəsiz uşaqlar əməyin istismarına məruz qalırlar. Valideynlər uşaqlarına lazımı qayğını göstərə, uşağın tələbatını ödəyə bilmədiyi təqdirdə uşaq baxımsız qalır və küçələrə meyl edir. Uşaq əməyinin istismarı da küçələrdən başlayır. Bəzən valideynlər özləri uşağı işləməyə təhrik edir. Bu zaman uşaqlar təhsildən yayınmaqla yanaşı əməyin istismarına da məruz qalır. Bu uşaqlar insan alverçilərinin qurbanına, narkotik alverçilərinin tələsinə daha rahat düşürlər. Ümumiyyətlə, diqqətsiz qalan uşaqlar daha çox kriminal aləmə meylli olurlar. Valideynlər çalışmalıdırlar ki, uşağı əməyə məcbur etməsinlər. Çünki az yaşından əməyə məcbur edilmə uşaqda travmalara yol aça bilər. Belə uşaqların gələcək həyatı sual altında qalır. Öz pulunu qazana bilən uşaq isə sonradan valideyninə qulaq asmır. Özü istədiyi kimi hərəkət etməyə başlayır. Bu isə onların yanlış addım atmasıyla nəticələnir.
Qanunlara əsasən əmək müqaviləsi yalnız 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər və bu yaş həddinə çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən birbaşa inzibati məsuliyyətə cəlb olunur. Uşaq əməyinin istismar edilməsinə qarşı cəmiyyətdə etirazlar əvvəllki illərdə də mövcud olub. İllər öncə Oslo və Amsterdamda keçirilən beynəlxalq konfranslar məhz uşaq əməyinin ağır formalarda istismarı məsələlərinə həsr edilib. Bu fəaliyyətlər uşaq əməyinin istismarının aradan qaldırılması istiqamətində ictimaiyyətin diqqətini çəkməyə başlayıb.
Azərbaycan 2003-cü ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 38-ci konvensiyasına qoşulub. Konvensiya uşaqların əməyə cəlb edilməsinin yaş həddini müəyyənləşdirir. Göstərilir ki, 15 yaşınadək uşaqlar əməyə cəlb edilməməlidir. Bu, onların təhsilinə və sağlamlığına təsir etdiyinə görə qadağandır. Bu yaşdan sonra isə uşaq əməyindən istifadə edilə bilər. Amma bu da qanun çərçivəsində olmalıdır. Burada müəyyən hədlər qoyulur. Məsələn, uşaq 4 saatdan artıq işləməməlidir, ağır şeylər qaldırmamalıdır və s. Konvensiyada qanunu pozanların məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur.
Uşaqların hüquqlarının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması ən aktual məsələlərdən biridir. Bildiyimiz kimi insan hüquqlarına hörmət hər bir cəmiyyətin uşaqlara münasibətindən başlayır. Sağlam cəmiyyətə sahib olmağımız üçün sağlam düşüncəli uşaqlar yetişdirmək hər bir valideyninin borcudur. Uşaq əməyinin istismarına qarşı isə valideynlərin maarifləndirilməsi, uşağı işə götürənlərin maarifləndirilməsi üçün ölkəmizdə bir çox sərt tədbir layihələri hazırlanmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB