Saxta elektrik avadanlıqları istehsal edən müəssisə aşkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində Məhərrəm Quliyevə məxsus müəssisədə aparılan yoxlama zamanı müəssisədə yığılan elektrik tənzimləyicilərinin saxtalaşdırılaraq Türkiyə istehsalı kimi "El-Bi" adı ilə markalandığı, üzərində 3 il zəmanət müddəti göstərilən Türkiyə istehsalı olan "Bdy-Kalmaksan" adlı işıqlandırıcıların zəmanət verilmədən, Çin Xalq Respublikasında istehsal edilən "Bronco" generatorlarının isə uyğunluq sertifikatı olmadan satıldığı müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verillən xəbərə görə, yoxlama zamanı həmçinin, etiketində Çin Xalq Respublikasında istehsal edildiyi göstərilən, lakin üzərində istehsalçı müəssisə barədə heç bir məlumat göstərilməmiş mənşəyi bəlli olmayan müxtəlif çeşidli elektrik avadanlıqları aşkar edilib.
Aşkar olunan qanun pozuntuları ilə əlaqədar, 104,4 min ədəd müxtəlif elektrik avadanlıqlarının, 749 ədəd "Bdy-Kalmaksan" adlı işıqlandırıcıların, 115 ədəd "Bronco" adlı generatorların və 13 ədəd "El-Bi" adlı elektrik tənzimləyicilərinin satışının dayandırılması və bu malların ticarət şəbəkəsindən geri yığılması barədə Məhərrəm Quliyevə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB