Şərur rayonunda kənd yolları yenidən qurulur

Şərur rayonunda son 8 ayda yolların təmiri istiqamətində, ümumilikdə, 1 milyon 223 min 853 manatlıq iş görülüb. Şərur Rayon Yol Təmir-Tikinti İdarəsindən bildirilib ki, Qarxun-Yuxarı Aralıq-Aşağı Aralıq yolu yenidən qurulub, Aralıq və Siyaqut kəndlərini birləşdirən körpünün əsaslı təmiri başa çatdırılıb, Dərvişlər, Arpaçay, Çəmənli və Babəki kəndlərini birləşdirən 9,7 kilometrlik avtomobil yolu genişləndirilib, asfalt örtük salınıb. Həmin ərazidə kənddaxili yollar yenidən qurulub. Rayonun Ələkli kəndini əhatə edən 3,7 kilometrlik yol genişləndirilib, yol yatağı bərkidilib, qalın asfalt örtük döşənib.

Rayonda yolların cari təmiri də diqqət mərkəzində saxlanılır. Belə ki, ilin əvvəlindən indiyədək Şərur şəhərində, Yengicə, Zeyvə, Düdəngə, Sərxanlı, Məmmədsabir, Kosacan, Qarxun kəndlərində bu istiqamətdə xeyli iş görülüb.

Payız-qış mövsümünə hazırlıq çərçivəsində qış mövsümündə hərəkətin intensivliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirilir, texnikalar saz vəziyyətə gətirilir, fəhlə və mexanizatorlar mövsümlə əlaqədar olaraq iş paltarları ilə təmin edilirlər. Qışda ucqar dağ və sərhəd kəndlərinə gedən avtomobil yollarının qardan təmizlənməsində operativliyin təşkili məqsədilə texnikalar lazımi ehtiyat hissələri ilə təchiz olunub. Axura-Havuş yolunda hərəkətin fasiləsizliyini təmin etmək üçün lazımi tədbirlər görülüb, xüsusi texnika ayrılıb.

Rayonda yol təsərrüfatının yenidən qurulmasında əsas amil sayılan keyfiyyətli asfalt istehsalı üçün də möhkəm zəmin yaradılıb. Ələkli kəndinin ərazisində quraşdırılmış və gündəlik istehsal gücü 60 ton olan qum-çınqıl və asfalt istehsal edən müasir zavod təmir və bərpa işləri zamanı işi xeyli yüngülləşdirir. Zavod həm də Sədərək və Kəngərli rayonlarının bu istiqamətdə tələbatını ödəyir.

Hazırda 10 kilometrlik Vərməziyar-İbadulla-Ərəbyengicə-Qarahəsənli avtomobil yolunda əsaslı təmir işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə