Dövlət qurumları qışa necə hazırlaşır? ARAŞDIRMA

Dövlət qurumları qışa necə hazırlaşır? ARAŞDIRMA

Artıq ölkəmiz yağışlı-yağmurlu payız fəslini yaşayır. Bir neçə aydan sonra isə qış qapımızı döyəcək. İşığa, qaza tələbat artacaq, binaların isitmə sistemlərinin problemləri gündəmə gələcək. Bəs müvafiq qurumlar bu tələbatı ödəməyə hazırdırmı? Ümumiyyətlə, ölkəmiz qışa hazırdırmı? SİA bu qurumların qışa hazırlığının hansı səviyyədə olduğunu öyrənmək üçün onlarla əlaqə saxladı.

- "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qışa tam hazır olduqlarını bildirdi: "Son günlər havaların kəskin soyuması "Azərişıq" üçün imtahan oldu və bu hal göstərdi ki, "Azərişıq" qış mövsümünə tam hazırdır. İstər yay, istər yaz, istər payız, istərsə də qış olsun, 24 saat hər bir abonent dayanıqlı, fasiləsiz, keyfiyyətli elektrik enerji təchizatı ilə təmin edirik.

Keyfiyyətli enerji təchizatı ilə yüksək səviyyədə qışa da hazırlaşmışıq. İlk olaraq hava şəraitinin kəskin dəyişməsi, güclü külək və leysan yağışla müşayiət olunması elektrik enerji təchizatında heç bir ciddi problem yaratmayıb. Bu günə kimi harda qəzalar baş veribsə həmin yerlərdə əməkdaşlarımız operativ şəkildə tədbir görüblər. Xüsusilə də fərdi evlərdə baş verən qəzalar əməkdaşlarımızın çevikliyi sahəsində aradan qaldırılıb.

Hesab edirəm ki, bu qış əvvəlki qışlardan fərqli olacaq. Çünki ildən-ilə apardığımız yenidənqurma, təmir tikinti işləri, yeni inşa etdiyimiz yarım stansiyalar sayəsində nəinki, Bakı kəndlərində hətta ən ucqar yerlər, kənd və qəsəblər də bir sözlə, hər bir ərazi elektrik enerjisi ilə təchiz olunacaq. Öz sınaq müddətini başa vurmuş ağac dayaqlar, beton dayaqlarla əvəzlənib. Xüsusilə də paylayıcı elektrik şəbəkələrdə aparılan əsaslı yenidənqurma, təmir, tikinti işləri yeni inşa olunan yarım stansiyalar çəkilmiş elektrik xətləri, sayğacların tam yenilənməsi 24 saat hər bir abonenti fasiləsiz, keyfiyyətli elektrik enerji təchizatı ilə təmin olunmasından xəbər verir".

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev qışa hazırlığın yüksək səviyyədə olduğunu bildirdi. "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların qaz təminatının yaxşılaşdırılması, o cümlədən təlabata uyğun, fasiləsiz təbii qazla təmin olunması sahəsində də bir sıra tədbirlər həyata keçirir. 2017-2018- ci illərin payız, qış mövsümünə hazırlıqla əlaqədar təchizatın təmin edilməsi təbii qazdan təhlükəsiz istifadə olunması məqsədilə "Azəriqaz" İB tərəfindən tədbirlər planı işlənib hazırlanıb. Tədbirlər planına uyğun olaraq, cari il ərzində 25939,3 paqon metr uzunluğunda müxtəlif diametrli qaz xətləri bərpa edilib. Eləcə də yeni qaz xətləri çəkilib. Qaz xətlərinin üzərində 70 ədəd yenisi ilə əvəz edilmiş, 274 ədəd qaz tənzimləyici quraşdırılıb və bu istiqamətdə işlərin icrası davam etdirilir. Tədbirlər planına uyğun olaraq, payız, qiş mövsümünə hazırlıq görülür.

"Azəristiliktəhcizat" "Azəriqaz"a olan borcunu tam olaraq ödəməyib. Müraciət daxil olduqda aidiyyatı qurum tərəfindən əsasən borcu olmayan qazanxanalara qaz ilk növbədə veriləcək. Əlaqədar təşkilata borcun ödənilməsi məqsədilə müraciətlər edilir və çalışırıq ki, isitmə mövsümü başlıyan kimi bütün problemlər öz həllini tapsın. "Azəriqaz" İB aldığı təbii qaz üçün ödəniş edir. Satılan qazdan gələn gəlir elektrik şəbəkədə təmir işlərinin aparılması qaz olmayan yaşayış məntəqələrinin qazlaşdırılmasına yönləndirilir. Buna görə də borcun ödənilməsini zəruri hesab edirik. Çünki qaz təsərrüfatı şəbəkəsində yenidənqurma işlərinin bərpası üçün bu vəsaitə ehtiyac var".

"Azəravtoyol" ASC-mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildrib ki, oktyabr ayının 1 - dən başlayaraq tədbirlər planı hazırlanıb və qərargah yaradılıb: "Payız, qış mövsümü işlərinin vaxtında başa çatdırılması üçün gücləndirilmiş iş rejiminə başlanılıb. Həmin tədbirlər çərçivəsində yolların və yol qurğularının istismarı vəziyyəti barədə gündəlik məlumatlar toplanır. Maşın mexanizmləri və avtomobil nəqliyyatı vasitələri saz vəziyyətə gətirilib. Yollarda buzlaşmanın qarşısını almaq üçün sürtkü yağları,yanacaq ehtiyyatı və qum ehtiyyatı toplanılır. Bakı şəhərində əsasən duzdan, kənar yollarda isə duz-qum qarışığından istifadə edilir. Enişli-yoxuşlu, dağlıq və dağ ətəyi ərazilərdən keçən yollarda, həmçinin sərt döngələrdə xüsusi duz-qum qarışığından istifadə edilir və həmin qarışıqdan ibarət ehtiyyat yollarda toplanılır. Elə anlar olur ki, əməkdaşlarımız gəlib həmin yerə çatana kimi sürücülər özləri də həmin qarışıqdan istifadə edib yola tökə və hərəkətə davam edə bilirlər. Qışda müəyyən problemlər olur həmin problemlərin qarşısını almaq tam mənada mümkün deyil. İstər sürüclərin özlərinin yaratdığı problemlər istərsə də nəqliyyat vasitələrinin nasazlığı bu problemləri yaradır və yaşadır. Bunların olmaması üçün sürücülər özləri də qışa hazır olmalıdır. Noyabr ayından etibarən qış təkərləri avtomobilə quraşdırılmalıdır. Bəzi sürücülər avtomobillərin təkərini qış təkəri ilə əvəz etmir, elə yay təkəri ilə sürürlər. Bu kimi avtomobillər yollar təmizlənsə də, təmizlənməsə də problem yaşayacaqlar. Belə avtomobillər həm "Azəravtoyol"un texnikasına, həm də digər sürücülərin hərəkətinə mane olurlar. Bu səbəbdən də "Azəravtoyol" ASC qışa hazırlıqsız avtomobillərin yollara çıxmamasını məsləhət görür".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə