İqtisadi İnkişaf Nazirliyi Lənkəranda tədbir keçirib

İqtisadi İnkişaf Nazirliyi Lənkəranda tədbir keçirib

Sentyabrın 30-da Lənkəran şəhərində İqtisadi İnkişaf Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması" mövzusunda tədbir keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Lənkəran iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 60-a yaxın sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Nizami Qasımov çıxış edərək dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, dövlət proqramlarının uğurlu icrasında sahibkarların rolunu qeyd ediblər. Bildirilib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, yeni müəssisələr və iş yerləri açılır. Regionlarda rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, müasir infrastruktur yaradılır.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rüstəm Qurbanov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Lənkəranın da sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi–Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev sahibkarlıq fəaliyyətinin genişlənməsində və müasir infrastrukturun yaradılmasında tədqiqatların əhəmiyyətini vurğulayıb.

Lənkəran iqtisadi rayonuna daxil olan rayonların icra hakimiyyətlərinin nümayəndələri regionların inkişafı üzrə Dövlət proqramlarının uğurlu icrası üçün görülən işlərdən danışmış, yeni istehsal və emal sahələrinin yaradıldığını vurğulamış, məhsul istehsalının daha da artırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Rüfət Məmmədov ölkəmizin investisiya və ixrac imkanları, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında AZPROMO-nun rolu barədə təqdimatla çıxış edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs etmiş, yeni texnologiyaların tətbiqinin sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Tədbirdə Lənkəran iqtisadi rayonunda istehsalın modernləşdirilməsi və həcminin daha da artırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə