Neftçalada “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

Neftçalada “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda növbəti tədbir sentyabrın 22-də Neftçala rayonunda keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə nazirliyin və Neftçala rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Neftçala rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev,Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin baş məsləhətçisi Amil Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov isə sahibkarlığın inkişafına dövlət dəstəyinin əsas komponentlərindən biri kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi olduğunu vurğulamış, sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nürəddin Eynullayev "Biznesdə risklərin idarə edilməsi" və "Biznesin sığortalanması" mövzularında məruzələrlə çıxış etmiş və təqdimatlar keçirilib.

Sahibkarlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı "Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər" məlumat kitabçası və digər metodiki vəsaitlər də paylanıb.

Tədbir zamanı həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı barədə sahibkarlara ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə