"Avropa Parlamentinin qətnaməsi qəbulolunmazdır" AÇIQLAMA

"Avropa Parlamentinin qətnaməsi qəbulolunmazdır" AÇIQLAMA

"Avropa Parlamentində (AP) "Əfqan Muxtarlı işi" adlı qətnamənin qəbul edilməsi və orada əksini tapan fikirlər qurumun qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addımı, həmçinin ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qiymətləndirilməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, son dövrlər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər inkişaf edir və tərəflər arasında əlaqələrin daha da genişləndirilməsi, xüsusilə enerji məsələlərində əməkdaşlığın gücləndirilməsi istiqamətində mütəmadi dialoq qurulub: “Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar uğurla davam etdirilir. Məhz belə bir məqamda Avropa Parlamentinin sözügedən qərəzli sənədi qəbul etməsi həm təəccüblü, həm də münasibətlərimizə kölgə salan bir addımdır. "Əlbəttə, Azərbaycan müstəqil dövlətdir və Prezident İlham Əliyevin rəhbərliyi ilə çox uğurlu, cəsarətli xarici siyasət kursu həyata keçirməkdədir. Üstəlik, Əfqan Muxtarlının məsələsi sırf hüquqi bir işdir və hazırda hüquqi prosedurlar davam etməkdədir. Müvafiq hüquq-mühafizə orqanları lazımi addımları atır. Belə bir şəraitdə hansısa təşkilatın və ya dövlətin Azərbaycanda davam edən hüquqi prosesə təzyiq göstərmək yolu ilə müdaxilə etmək istəyi qeyri-etikdir və qəbulolunmazdır", - deyə AŞPA-nın komitə sədri vurğulayıb.

Sahibə Qafarova deyib ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil. Ona görə də, AP-nin qəbul etdiyi hər hansı bir sənədin Azərbaycan üçün heç bir hüquqi qüvvəsi yoxdur. Amma bu cür təşəbbüslərin göstərilməsi Azərbaycanla Aİ arasında müsbət dialoqa və əlaqələrin daha da inkişafına nail olunması istiqamətində göstərilən iradəyə ziddir. "Əlbəttə, burada söhbət qətiyyən insan hüquqularının qorunmasından getmir. Heç bu qətnamənin qəbul olunmasına nail olan qüvvələrin məqsədi də insan hüquqularının qorunması deyil. Buradakı məqsəd hüquqla manipulyasiya edib mili dövlətə təzyiq göstərməkdir. Ümid edirik ki, qətnamənin müzakirəsi zamanı da bu sənədin qəbul olunmasına qarşı çıxan bəzi avropalı siyasətçilərin ədalətli mövqeyi sonunda qalib gələcək və AP özünün mənafe və nüfuzuna da xələl gətirən belə bir fəaliyyətə son qoyacaq" - deyə, Sahibə Qafarova qeyd edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə