Ziddiyyətlərin qızışmasının kökündə təriqət fərqliliyi durur

Ziddiyyətlərin qızışmasının kökündə təriqət fərqliliyi durur

"Səudiyyə Ərəbistanı ilə Qətər arasında baş qaldıran ziddiyyətlərin İranın marağına xidmət etdiyi və ABŞ-ın regionda mövqelərini zəiflədəcəyi düşüncələri var. Bu fikirlər həqiqəti əks etdirmir. Belə ki, Qətər deyəndə göz önünə ilk gələn Birləşmiş Ştatların Əl-Udeyddəki hərbi bazası olur. Yaxın Şərqdə 11 min nəfərlik heyəti olan və 17 ölkənin hava marşrutlarını nəzarətdə saxlayan ən böyük hərbi bazanı Amerika boşuna Qətərdə yerləşdirməyib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, sözügedən baza oraya 2003-cü ildə, məhz Səudiyyə Ərəbistanından köçürülüb ki, bununla da rəsmi Vaşinqton bölgədə kimi özünə daha yaxın müttəfiq saydığını ortaya qoyub.

Ona görə də başda Səudiyyə olmaqla, bir neçə ərəb dövlətinin Qətəri boykot etmələri heç də onun təklənməsinə aparıb çıxarmayacaq. Əmin ola bilərsiniz ki, bu qarşıdurma prosesi də Amerikanın nəzarəti altındadır və elə həm də maraqları çərçivəsindədir.

Ərəblər arasında ziddiyyətlərin qızışmasının kökündə indi də təriqət fərqliliyi durur. Bəli, məzhəb də deyil, təriqətdir. Demək, müsəlmanların məzhəb fərqliliyinə görə 2 yerə parçalanması azlıq edir. Təriqətçiliyə dayanaraq 73 yerə parçalanmalıdırlar. Bir sözlə, Yaxın Şərq ölklələri məzhəb ayrılığından, indi də təriqət fərqliliyi çəkişmələrinə baş vurublar və bu da qərbdəki bəlli çevrələrin heç də maraqlarının əleyhinə yönəlməyib, əksinə elə maraqlarına xidmət edir. İranın Qətəri guya öz qanadları altına almağına gəldikdə isə, Qətər çoxdan qanad altındadır. Özü də İranınkından çox-çox böyük və güclü bir qanad altında. Rəsmi Tehran da bunun yaxşı fərqindədir. Sadəcə, Qətərə dəstək bəyanatları verməklə məzhəb davası apardığı Səudiyyəni qıcıqlandırmağa çalışır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə