Türkiyənin səfiri “Səs” qəzetinin qonağı olub SƏS TV

Türkiyənin səfiri “Səs” qəzetinin qonağı olub SƏS TV

May ayının 25-də Türkiyə dövlətinin Azərbaycandakı səfiri Erkan Özoral "Səs" qəzetinin redaksiyasının qonağı olub. SİA-nın verdiyi məlumata görə, qonağı salamlayan "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev tarixən bir-birinə bağlı olan iki qardaş dövlətin, Azərbaycan və Türkiyə arasındakı əlaqələrin inkişafından bəhs edib.

Bildirib ki, bu əlaqələr digər sahələrlə yanaşı, mədəni-humanitar sahələrdə də uğurla inkişaf edir. Bəhruz Quliyev qonağa rəhbərlik etdiyi qəzetin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib, həmçinin dövlətimizin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan geniş bəhs edərək bu ənənənin təməlinin Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini söyləyib. Türkiyəyə səfəri çərçivəsində bir çox qəzet redaksiyalarında, həmçinin televiziya kanallarda olarkən yaradılan şəraitdən məmnun qaldığını vurğulayan baş redaktor jurnalistikanın inkişafını uğurlu addım kimi dəyərləndirib. Mətbuatın qarşısında duran vəzifələrin kifayət qədər şərəfli və cəmiyyət üçün əhəmiyyətli olduğunu bildirib.

Bəhruz Quliyev daha sonra qeyd edib ki, Türkiyədə baş verən hadisələr diqqətlə izlənilir. Avropa Şurasının Türkiyə haqqında çıxardığı haqsız qətnaməni qınadığını dilə gətirib. Bu haqsızlığın ümumi türk dünyasına və müsəlman dünyasına qarşı atılan addım və qruplaşma olduğunu bildirib. Həmçinin Pezident İlham Əliyevin Avropa Şurasının iclasında səsləndirdiyi fikrə diqqət çəkib. Prezidentin "Qardaşımız Türkiyə bu iclasda yoxdur, amma mən buradayam, suallarınızı mənə ünvanlıya bilərsiniz" addımından bütün türk dünyasının qürur duyduğunu və sevinclə qarşıladığını bildirib.

Erkan Özoral öz növbəsində mətbuatı daim izlədiyini "Səs" qəzetinin redaksiyasında qonaq olmaqdan məmnunluq hissi keçirdiyini vurğulayıb. Bu əlaqələrin inkişafında mətbuatın rolunu önə çəkərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Səmimi münasibətdən razılığını ifadə edən Erkan Özoral "Səs" qəzeti ilə xoş münasibətlərindən bəhs edib, kütləvi informasiya vasitələri arasında əməkdaşlığın faydalı olduğunu vurğulayaraq, əlaqələrin inkişafına dəstək olacağını, bu kimi görüşlərin davamlı olacağını bildirib. Həmçinin 15 iyul hadisələrinə toxunan Erkan Özoral bu hadisələrin bənzərinin 1993-1994-cü illərdə Azərbaycan dövlətinin yaşadığını bildirib.

Baş redaktor Bəhruz Quliyev Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə müqayisə apararaq bunu 1993-1994-cü illərdə Azərbaycanda baş verən hadisələrdə Ulu Öndərin xalqı meydanlara çağırmağına bənzədib.

Redaksiya ilə yaxından tanış olan qonaq əməkdaşlara xoş arzularını çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə