“İƏT əməkdaşlığın inkişafında əhəmiyyətli platformadır”

“İƏT əməkdaşlığın inkişafında əhəmiyyətli platformadır”

"İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün əhəmiyyətli bir platformadır". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev İslamabad şəhərində keçirilən İƏT-in XIII sammitininin yekunlarını şərh edərkən bildirib. O deyib ki, Azərbaycan uzun müddətdir bu qurumun üzvüdür və təşkilat çərçivəsinə ölkələrin iqtisadi, logistik əlaqələri daha da inkişaf edir: "İƏT-in əsas məqsədlərindən biri üzv dövlətlərin dünya iqtisadiyyatında rolunun daha da gücləndirilməsi və bu yolla həmin ölkələrdə beynəlxalq ticarətdən daxilolmaların səviyyəsinin artırılmasına nail olmaqdır. Sonda isə bu proses nəticəsində həmin ölkələrin sosial iqtisadi maraqları təmin edilir". Ekspert bildirib ki, Azərbaycan bu təşkilat çərçivəsində bir sıra dövlətlər, həmçinin İranla iqtisadi əlaqələrini daha da səmərəli inkişaf etdirir, Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır: "Ələtdə böyük yük daşıma məntəqəsi formalaşdırılır, bu, xüsusilə də tranzit yüklərin daşınmasında rol oynaya biləcək tutumu geniş olan limandır. Bu liman İƏT çərçivəsində də Azərbaycanın tranzit ölkə kimi mövqeyini möhkəmləndirəcək. Beynəlxalq yükdaşımalarda, həm quruma üzv 10 ölkə, həm də Avropa və Cənub Şərqi Asiya ölkələri ilə iqtisadi ticari əlaqələrdə dövlətimizin rolunu möhkəmləndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə