"Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bir qarış torpağının belə geri qaytarılmasına ən çox sevinən adamlardan biri də mənəm, təşkilatlardan bir də QAT-dır". Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı Prezidentin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamı barədə danışarkən deyib. O bildirib ki, QAT illərdir torpaqlarımızın işğaldan azad edilməsinə dair təbliğat aparır: "Nə qədər qan, şəhid bahasına olursa olsun, torpaqlarımız geri qaytarılmalıdır. Biz aprel döyüşlərini çox böyük ruh yüksəkliyi, böyük hadisə kimi qarşıladıq. QAT-ın 20 nəfərlik heyəti cəbhə bölgəsində oldu, bu döyüşlərin nəticələrini fərəhlə, qürurla qiymətləndiririk. Bu, ərazilərimizin işğaldan azad edilməsi prosesinin başlanğıcı idi. Cəbhənin böyük bir istiqamətində düşmənə ağır zərbələr vuruldu, düşmən darmadağın edildi. İnşallah biz Xankəndinə kimi gedib ərazi bütövlüyümüzü bərpa edəcəyik".
QAT sədri deyib ki, dövlət başçısı tərəfindən Cocuq Mərcanlıda bərpa işlərinin aparılmasına dair sərəncamın verilməsi bütün insanları ruhlandırır, ürəkləndirir: "Biz əminik ki, bu proses geniş miqyasda yüksək nəticələr əldə olunana kimi davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB