“Ölkələr öz maraqları baxımından OPEC-in razılaşmasını poza bilər” Ekspert

“Ölkələr öz maraqları baxımından OPEC-in razılaşmasını poza bilər” Ekspert

"OPEC ölkələrinin neft hasilatını azaltmağa dair razılığa gəlmələri neftin qiymətinin bahalaşması istiqamətində bir cəhddir". Bunu SİA-ya açıqlamasında OPEC ölkələrinin noyabrın 30-da Vyanada hasilatın azaltmasına dair verdikləri qərarı şərh edən Türkiyədəki "Strategic Outlook" Araşdırmalar Mərkəzinin prezidenti Yusif Çinar deyib. O xatırladıb ki, iki il əvvəl dünya bazarlarında bir bareli 110 dollara satılan neft bu gün 50 dollara düşüb: "OPEC ölkələri, xüsusilə neft hasil edən kiçik dövlətlər qiymətin artımına çalışırlar və bunun üçün hasilatın azaldılmasına nail olmağa cəhd göstərirlər. Səudiyyə Ərəbistanının xarici borclarının artması neftin qiymətinin bahalaşması gözləntisini yaradıb. Lakin neftin barelinin 60 dollara çatacağını gözləmirəm. Ona görə ki, son dövrlər dünyada alternativ enerji qaynaqları və yanar şist qazdan istifadə artmaqdadır. Buna görə də neft təkrar 100 dollar olmayacaq. Neft hasilatının azaldılmasının davamlı olacağını da düşünmürəm, qiymətlər 10 dollar artsa belə, məsələn, İran istehsalı artıra bilər. Bununla da istehsalın məhdudlaşdırmasını qəbul edən dövlətlər istehsalı artırmaq məcburiyyətində qala bilər. Yəni hər ölkə öz mənfəəti çərçivəsində belə razılaşmaları poza bilər".

Qeyd edək ki, OPEK ölkələri gələn il yanvarın 1-dən hasilatı gündəlik 1,2 mln. barel azaltmaqla bağlı qərar qəbul ediblər. Bununla da, neftin gündəlik hasilatı 32 mln. barelə qədər azaldılmış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə