"Kreditləşmə modeli kompleks işləndikdən sonra təqdim olunmalıdır" ŞƏRH

"Kreditləşmə modeli kompleks işləndikdən sonra təqdim olunmalıdır" ŞƏRH

"Kreditləşmə ilə bağlı yeni model kompleks şəkildə işləndikdən sonra təqdim olunmalıdır. Hazırda təqdim edilən modellərin heç birinin tərif edilməsinə lüzum görmürəm".Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.

Onun sözlərinə görə, bütün təkliflər analiz edildikdən sonra, həmin təkliflər əsasında maliyyə sektorunun, bank sisteminin sağlamlaşdırılması, problemli kreditlər məsələsi, xarici valyutada olan kreditlərlə əlaqədar yaranan vəziyyətin aradan qaldırılması məsələləri kompleks şəklində həll olunmalıdır: "Yalnız sadalanan problemlər aradan qaldırıldıqdan sonra təqdim olunan modellər haqqında müsbət fikir söyləmək olar. Dollarla kreditlər məsələsi dəfələrlə Milli Məclisdə qaldırılıb və qeyd olunub ki, Azərbaycan müstəqil dövlətdir və Konstitusiyamızda, eləcə də digər sənədlərdə də yazılıb ki, ölkəmizdə yeganə ödəniş vasitəsi manatdır. Kreditlərin dollara verilməsi Konstitusiya maddəsinin pozulması deməkdir".

Ə. Məsimli qeyd edib ki, Azərbaycanda dollarla kreditlərin ümumiyyətlə ləğv edilməsi mümkün deyil: " Çünki, xaricdən mal gətirən insanlar gətirdikləri malın vəsaitini dollarla ödəməlidir. Lakin kimsə ölkə daxilində soyuducu, mebel, məişət əşyaları alır və ya ölkədaxili klinikalarda müalicə almaq üçün kredit götürürsə, o zaman nəyə görə, həmin şəxslərə kredit dollarla verilməlidir? Belə insanların dollarla kredit almasını onların aldadılması hesab edirik və hər zaman buna qarşı çıxırıq. Qənaətimizə görə, birinci variantda insanlara dollarla kreditin verilməsi davam etdirilməli, digər variantlarda isə dayandırılmalıdır".

Xatırladaq ki, may ayının 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasında ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə görüş keçirilib. Görüşdə ölkənin maliyyə sistemində tətbiqi üçün nəzərdə tutulan yeni kreditləşmə modelinin təqdimatı keçirilib və yeni model ətrafında müzakirə aparılıb. Görüşdə əsasən dollar kreditləşməsi ilə bağlı məsələ gündəmdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə