İxracın artması daxili bazardakı qiymətlərə necə təsir edəcək? EKSPERT RƏYİ

Dünya bazarında neftin kəskin ucuzlaşması ölkəmizdə manatın devalvasiyasına səbəb oldu. Bu isə iqtisadi islahatların keçirilməsini labüd etdi. İqtisadiyyatın, xüsusilə də kənd təsərrüffatının inkişafı istiqamətində yeni dövr başladı. İdxalın azalması və əksinə ixracın çoxaldılması, bununla da ölkəyə maliyyə axınının gücləndirilməsi prioritet oldu.

Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük potensialın olduğu bəllidir. Bunu nəzərə alan hökumət bu sahəyə xüsusi diqqət ayırmağa başlayıb. Daxili tələbatı ödəməklə yanaşı xaricə, o cümlədən böyük Rusiya bazarına ixracatın həcminin ötən illərlə müqayisədə bir neçə dəfə artması müşahidə olunur. Bəs bu, ölkə daxilində bəzi məhsullarda qiymət artımına səbəb olmayacaq? Bununla bağlı SİA-ya danışan iqtisadçı-ekspert Fikrət Yusifov kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixracının daxili bazarlarda qiymətlərə təsirinin real görünmədyini bildirib.

Onun sözlərinə görə, əgər həmin məhsullar xarici bazara ixrac olunursa, deməli ölkə daxilində onların istehsalı kifayət qədərdir: "Bu isə o deməkdir ki, ilk növbədə daxili bazarın təlabatı ödənilir. Digər tərəfdən, bizdə Rusiya bazarlarına ixrac etmək üçün kifayət qədər meyvə və tərəvəz məhsulları yetişdirilir. Son illər bu məhsulların istehsalı da bir xeyli artıb. Yetər ki, həmən məhsulların xarici bazarlara çıxarılmasını təmin edə biləcək bir sıra texniki məsələlər də öz həllini tapmış olsun. Bu isə ilk növbədə, həmin məhsulların standartlara uyğun qablaşdırılması və tədarükünün lazımı şəkildə həyata keçirilməsi ilə bağlı olan məsələlərdir. Biz bu məhsulların tək Rusiya deyil, başqa xarici bazarlara da çıxarılması istiqamətində ciddi işlər görməliyik. Hər il yüz tonlarla meyvə məhsulları bu işin lazımınca təşkil edilməməsi səbəbindən sadəçə zay məhsula çevrilir. Hansı ki, düzgün yanaşımla həmin "zay məhsul" ölkəyə kifayət qədər möhkəm valyuta gətirə bilər. Prezident İlham Əliyevin "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamı bu yöndə atılan təqdirəlayiq addımlardandır. Bu, ölkə daxilində istehsalın artmasına, istehsalçıların çoxalmasına səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə