NEZ-də yenidənqurma layihəsi üzrə iclas keçirilib

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına Neft Emalı Zavodunda olub, müəssisənin yenidənqurma və modernizasiya layihəsi üzrə qərargahın növbəti iclasında iştirak edib. SOCAR-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, SOCAR prezidenti modernizasiya və yenidənqurma işlərinin vahid mərkəzdən idarəedilməsi üçün yeni tikilmiş ofisin binalarına baxış keçirib.

Daha sonra yeni ofisdə SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azərikimya" İB-nin modernizasiya və yenidənqurma tədbirləri ilə əlaqədar fəaliyyət göstərən qərargahın iclası keçirilib.

SOCAR prezidenti H.Əliyev adına NEZ-də həyata keçirilən yenidənqurma işlərinin əhəmiyyətini yüksək qiymətləndirib, layihə çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının həyata keçiriləcəyini və bunun da nəticəsində zavodda "Avro-5" standartlarına cavab verən daha keyfiyyətli neft məhsulları istehsal olunacağını bildirib.

R.Abdullayev mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma və tikinti işləri çərçivəsində artıq bir neçə müqavilənin imzalandığını, həmçinin texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib.

İclasda layihələr üzrə görülmüş işlər barədə hesabat dinlənilib, növbəti aylarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb. SOCAR prezidenti işlərin sürətləndirilməsi ilə əlaqədar aidiyyəti struktur bölmələrinə və rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə