“Caspian European Club” SOCAR ilə birgə biznes-forum keçirib

Aprelin 27-də "Caspian European Club" (Caspian Business Club) SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun iştirakı ilə biznes-forum keçirib. SİA xəbər verir ki, "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev klubun "Caspian Energy International Media Group"un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradıldığını deyib.

T.Əliyevin sözlərinə görə, "Caspian European Club" yaradıldığı vaxtdan neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Öz sıralarında 5 mindən çox şirkəti və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun qorunub saxlanması sahəsində fəal iş aparır.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov transmilli şirkətə çevrilən SOCAR-ın həyata keçirdiyi qlobal və regional əhəmiyyətli enerji layihələr, Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) yenidənqurma layihəsi çərçivəsində görülən işlər barədə forum iştirakçılarına ətraflı məlumat verib. O, SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda tikintisi davam etdirilən "Star" neft emalı zavodunun və "Petlim" konteyner limanının əhəmiyyətini qeyd edib, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm roldan danışıb.

Biznes-forum çərçivəsində SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımova "Caspian European Club"un fəxri üzvü sertifikatı təqdim olunub.

Tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatların və şirkətlərin rəhbərləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyalarım nümayəndələri iştirak ediblər.

(azertac)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...