“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib

Azərbaycan Prezidentinin "Sahibkarlar Günü"nün təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aprelin 25-i ölkəmizdə "Sahibkarlar Günü" kimi qeyd edilir. Bununla bağlı, aprelin 25-də İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Sahibkarlar Günü"nə həsr olunmuş Konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilmiş, abidəsi önünə çiçək dəstələri düzülüb. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, "Əbədi Məşəl" kompleksinə əklil qoyublar.

"Sahibkarlar Günü"nə həsr olunmuş Konfrans cəbhə xəttində baş vermiş son hadisələr zamanı şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək, ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımların sistemli və ardıcıl xarakter daşıdığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb. "Sahibkarlar günü"nün təsis edilməsi münasibəti ilə sahibkarları təbrik edən Məmməd Musayev ölkə sahibkarlarının adından Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıq etmiş, dövlət başçısının sahibkarlara göstərdiyi dəstəyin ölkə iqtisadiyyatında özəl sektorun rolunu daha da artıracağını vurğulayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev çıxışında "Sahibkarlar Günü"nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının növbəti göstəricisi olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin digər sahələrdə olduğu kimi, iqtisadiyyatın inkişafı istiqamətində gördüyü mühüm işlərdən danışan nazir Şahin Mustafayev ulu öndərin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi taleyüklü qərarların özəl bölmənin formalaşmasında mühüm əhəmiyyətini qeyd etmişdir.

Bildirilib ki, Heydər Əliyevin 2002-ci ilin 25 aprel tarixində ölkə sahibkarları ilə keçirdiyi görüş sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olduğundan "Sahibkarlar Günü" də məhz aprelin 25-də təsis olunub.

Diqqətə çatdırılıb ki, ümummilli liderin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzinə, sahibkarlar isə iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Səmərəli dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlər, biznes forum və sərgilərin təşkili və digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda isə 74%-i ötmüş, ölkə iqtisadiyyatı şaxələnmiş, özünütəminat səviyyəsi yüksəlib.

Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan nazir Şahin Mustafayev dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilmiş qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığını və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb.

Qeyd olunub ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə Apellyasiya Şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi və s. özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir.

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrdə ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, eləcə də bu sahədə aparılmış islahatlar və qəbul edilmiş qanunvericilik aktlarının önəmini vurğulayıb.

Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında aqrar sahədə sahibkarlığın inkişafından danışıb, Azərbaycan dövlətinin daim, xüsusilə də yeni iqtisadi şəraitdə sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev sahibkarların işinin asanlaşması üçün gömrük sahəsində son zamanlar aparılan islahatlardan danışıb.

Nazirlər Kabinetinin şöbə müdiri Şahin Sadıqov isə sahibkarlığın inkişafı istiqamətində son zamanlar həyata keçirilən tədbirlər barədə məlumat verib.

Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə direktoru Aliyə Əzimova təşkilatın qeyri-neft sektorunun inkişafına və sahibkarlığın dəstəklənməsinə göstərdiyi investisiya və məsləhət xidmətləri barədə məlumat vermiş, özəl bölmənin daha da inkişaf etdirilməsinə dair təkliflər səsləndirib.

Konfransda çıxış edən sahibkarlar - "Azersun Holdinq" MMC-nin prezidenti Abdulbari Goozal, "Rabitəbank" ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev, "Karat Holdinq" MMC-nin direktoru Taleh Qasımov, "NEON" firmasının baş direktoru Arif Həsənov, "Mətanət A" şirkətinin direktoru Elxan Bəşirov və digər sahibkarlar, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, ATİB-in, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Respublikası Prezidentinin sahibkarlara daim dəstək göstərdiyini, sahibkarlıq sahəsində həyata keçirilən islahatları və qəbul edilmiş hüquqi aktları böyük razılıqla qarşıladıqlarını bildirib, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya, həyata keçirilən çoxsaylı dəstək tədbirlərinə, "Sahibkarlar Günü"nün təsis edilməsinə görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra özəl bölmənin inkişafı perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda ölkə sahibkarları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...