Sahib Məmmədov: "İqtisadiyyat Nazirliyində də Apellyasiya Şurası yaradılıb" AÇIQLAMA

Sahib Məmmədov: "İqtisadiyyat Nazirliyində də Apellyasiya Şurası yaradılıb" AÇIQLAMA

"Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, artıq yerli və mərkəzi icra hakimiyyəti orqanlarının yanında Apellyasiya Şuralarının yaradılmasına başlanılıb. Həmçinin, İqtisadiyyat Nazirliyində də şura yaradılıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, sahibkarlar, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən mərkəzi icra hakimiyyəti, yaxud da yerli icra hakimiyyəti orqanlarının verdiyi qərarlardan, onların hərəkətsizliyindən hər hansı bir şikayət daxil olarsa, sözügedən şura tərəfindən məsələyə baxılaraq qərar qəbul olunacaq. Bildirib ki, əgər nazirliyin fəaliyyət sahəsinə dair hansısa sahibkarlıq subyekti tərəfindən şikayət daxil olarsa, bu məsələyə də qanunvericilik çərçivəsində baxılıb, qərar qəbul olunacaq.

Şuraya ediləcək müraciətlərin hansı formada olacağına da aydınlıq gətirən S. Məmmədov qeyd edib ki, müraciətlər həm elektron qaydada, həm də "195-2" çağrı mərkəzi vasitəsi ilə qəbul olunur: "Nazirlik də bu çağrı mərkəzinə qoşulub. Mərkəzə daxil olan bütün müraciətlərə dərhal operativ reaksiya verilir".

Məişət sertifikatlarının verilməsinin 1 günə endirilməsi məsələsinə də toxunan nazir müavini vurğulayıb ki, sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı Prezidentin tapşırığına uyğun şəkildə operativ və əhəmiyyətli işlər görülür: "İqtisadiyyat Nazirliyi tərəfindən də məişət sertifikatlarının verilməsi həyata keçirilir. Bu prosesə sərf olunan vaxtın azaldılması məqsədi ilə müddət əhəmiyyətli şəkildə aşağı salınıb. Bu da sahibkarlığın inkişafında mühüm addımlardan biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə