Ekspert: “Qızıl öz mövqelərini itirir” AÇIQLAMA

Ekspert: “Qızıl öz mövqelərini itirir” AÇIQLAMA

"Qiymətində yeni uzunmüddətli minimum göstəriciləri əldə etdikən sonra dekabr ayının əvvələrində qızıl fasilə elan etmiş kimi görünür. Lakin, birjalarda ticarət olunan fondların portfellərinə nəzər salsaq görərik ki, bu əmtəə üzrə ticarətdə münasibət heç də pozitiv deyil. Aşagı trend özünü qabarıq şəkildə göstərməyə davam edir". Bunu SİA-ya fəlsəfə doktoru, ekspert Emin Əliyev deyib.

Onun sözlərinə görə, qiymət korreksiyası cəhdləri isə spontan və müvəqqəti xarakter daşıyır: "Müşahidə olunan qiymət konsolidasiyası ayı trendinin bir fraqmenti kimi görünür və korreksiya haqqında mülahizələri irəli sürmək üçün qiymətin 1100 ABŞ dollarından yuxarı qalxdığı halda mümkün ola bilər. "Societe Generale" analitiklərinin ehtimallarına görə, maliyyə bazarlarındakı mövcud vəziyyətdə qiymət ilə əlaqədar müsbət dinamika gözləmək üçün orta müddətli perspektivdə səbəblər formalaşmamışdır. Bankda qeyd edilir ki, rezerv aktiv kimi qiymətli metal özünün populyarlığını itirib. Hətta yapon yenasının və ya ABŞ-ın dövlət istiqrazlarının alınması hazırkı şəraitdə riskləri diversifikasiya etmək üçün daha cəzbedicidir.

O əlavə edib ki, qiymət artımı ilə əlaqədar daha bir mənfi təsir inflyasiya ilə əlaqədar olan vəziyyətdir: "Belə ki, qızılın alışını stimullaşdıra biləcək inflyasiya artımı perspektivi neftin qiymətinin azalması fonunda dumanlı görünür. Başqa bir siqnal federal ehtiyyatlar sisteminin (FES) uçot stavkasının artırılması ilə əlaqədar olan ehtimaldır. Bu gün (16 dekabr 2016-cı il) baş verə biləcək bu hadisə nəticəsində ABŞ dollarının güclənməsi və əlbəttə ki, qızılın və ümumilikdə bütün əmtəələrin qiymətlərinin düşməsinə təsir edəcək bir faktordur. Ümumilikdə, FES-in 2016-cı ildə uçot stavkasının bir neçə dəfə (ehtimala görə 3) artıracağı proqnozlaşdırılır, bu isə o deməkdir ki, qızıl üçün arzuolunmaz günlər hələ də bitməyib. Aşağı qiymətlər trendinin potensialı tükənməmiş və qiymətin bir unsiya üçün 1000 dollar, 2016-ci ilin əvvəlində isə 950 ABŞ dollarınadək enməsini proqnozlaşdırmaq mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə