Millət vəkili bank sektorundakı problemlərin müzakirəsini təklif edir

Millət vəkili bank sektorundakı problemlərin müzakirəsini təklif edir

Millət vəkili Vahid Əhmədov bank sektorundakı vəziyyətin müzakirə edilməsini təklif edib. SİA-nın məlumatına görə, deputat Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu haqda danışıb. O bildirib ki, hazırda bank sektorunda ciddi problemlər müşahidə olunur və bununla bağlı xüsusi iclas keçirmək lazımdır: "Bank sektorunda fevral devalvasiyasından sonra problemlər yaranıb və uzun müddətdir ki, davam edir. Bank sistemindəki problemlərin aradan qaldırılması üçün xüsusi sistem işlənib hazırlanmalı və məsələlər öz həllini tapmalıdır. Problemlərlə bağlı xüsusi iclas keçirməyi təklif edirəm. Lazım gəlsə, məsələ Milli Məclisin plenar iclasına çıxarılar. Ancaq buna gərək olmazsa, komitədə müzakirələr aparılar".

Millət vəkili sənaye sahəsinin müzakirəsi ilə bağlı da xüsusi iclas keçirilməli olduğunu deyib: "Böyük sənaye müəssisələri yoxdur. Kiçik müəssisələri demirəm. Sovet dövründə olan müəssisələr isə dağıdılıb. Sənaye sahəsinin inkişafı üçün də müzakirələr aparmalıyıq. Ona görə müvafiq qurumların rəhbərlikləri ilə razılaşdırılsın və bununla bağlı xüsusi iclas keçirilsin. Əgər xüsusi iclas keçirilməsə, öz fikirlərimi Milli Məclisin plenar iclasında səsləndirəcəyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə