21 noyabr 2015-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin tədris korpusunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının-rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin, bioloji laboratoriyaların əməkdaşlarının, Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti və tələbələrinin, Elmi Tədqiqat Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə "Bitki mühafizəsinin müasir problemləri və fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi-praktik əsasları" mövzusunda regional seminar-müşavirə keçiriləcək. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, seminar-müşavirədə "Bitki mühafizəsinin müasir problemləri və həlli yolları", "Respublika ərazisində kartof güvəsinin (Phthorimaea operculella Zell.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti", "Kartof bitkisi əkinlərində və üzüm bağlarında inteqrir mübarizə tədbirləri" mövzularında çıxışlar dinləniləcək və müvafiq müzakirələr aparılacaq.
Seminar-müşavirənin sonunda bitki mühafizəsi tədbirlərində beynəlxalq miqyasda geniş istifadə edilən, müasir tipli, ultra kiçik həcmli AU 8115 M və SCOUT 28 s-300 çiləyicilərinin nümayişi həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB