Ermənistan Rusiyaya dəstək verməyəcək

Ermənistan Rusiyaya dəstək verməyəcək

"Bu layihəyə Belarus, Qazaxıstan və hətta Ermənistan belə yaxşı münasibət göstərməyəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, MDB məkanında ümumi valyuta yaratmaq Rusiyanın ən böyük arzularından və iqtisadi hegemonluğunu keçmiş SSRİ imkanında yenidən bərpa etmək üçün atmaq istədiyi addımlardan biridir: "Bu valyuta sadəcə MDB məkanındakı ölkələrin milli valyutasına paralel olaraq və yalnız MDB dövlətləri arasında ticarətdə işlədilən valyuta kimi istifadə edilə bilər. Hətta kağız formada deyil, elektron versiyada istifadə oluna bilər. Əks halda Rusiyanın ən yaxın müttəfiqlərindən olan və adı Gömrük İttifaqında keçən Belarus, Qazaxıstan və hətta Ermənistan belə bu layihəyə yaxşı münasibət göstərməyəcək. Çünki milli valyuta müstəqillik atributların biridir və müstəqil dövlətlər öz müstəqilliklərindən asanlıqla imtina edə bilməzlər".

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsinin böyük bir hissəsi, təxminən 80 faizi MDB-dən kənardadır və daha çox Avropa, Uzaq Şərq ölkələri, ABŞ, İsrail kimi ölkələri əhatə edir: "Bizim əsas ticarət əməkdaşlarımız Avropa Birliyi ölkələridir. Buna görə də Azərbaycanın belə bir layihədə yer alması normal siyasi-iqtisadi divident gətirməz. Digər tərəfdən Azərbaycan rəhbərliyi müstəqilliyimizin bir atributunun itirilməsinə razı olmaz. Çünki milli valyuta hər hansı bir dövlətin müstəqillik atributlarından biridir. Əgər ümumi milli valyuta yaradılsa bu eyni zamanda ümumi mərkəzi bankın, ümumi iqtisadi strategiyanın yaranmasına gətirib çıxaracaq. Bu da müəyyən mənada müstəqilliyin itirilməsinə deməkdir. Buna görə də Azərbaycan rəhbərliyinin belə bir qərara getməyəcəyini düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə