Rövnəq Abdullayev: ""Azərkimya"nın qurğuları modernləşdiriləcək"
"Azərkimya" İstehsalat Birliyi 2020-ci ilə qədər tam modernizasiya olunacaq". SİA-nın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Sumqayıtda kimya sənayesinin 70 illiyi ilə əlaqədar keçirilən tədbirdə qeyd edib.
SOCAR prezidentinin sözlərinə görə, "Azərkimya"nın modernizasiyası üzrə 2015-2019-cu illər üzrə proqram həyata keçirilir: "Bu proqrama uyğun olaraq "Azərkimya"nın mövcud qurğularının tam modernləşdirilməsi həyata keçiriləcək. İstehsalat Birliyində aparılan modernləşmə Sumqayıt Kimya Parkında yaradılacaq yeni zavodların xammalla təminatı üçün də vacib amillərdəndir".
R.Abdullayev əlavə edib ki, köhnə sənaye aradan qaldırılaraq yeni sənayenin inkişafına başlanılıb və proqrama uyğun olaraq modernləşmə də daxil olmaqla bir sıra işlər görüləcək.
"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev isə çıxışında bildirib ki, Birlik SOCAR-ın tabeçiliyinə verildikdən sonra xammala qənaət edilib, məhsulun maya dəyəri azalaraq rentabellik yüksəlib: "Müasir standartlara cavab verməyən, şəhərin ekologiyasına ziyan vuran qurğuların fəaliyyəti dayandırılıb. Yeni qurğular qurulub. Son 5 ildə əmək haqları 3 dəfə artırılıb".
M.Babayev Sumqayıt Kimya Parkında yaradılan "SOCAR Polimer" zavodundan danışaraq qeyd edib ki, bu müəssisə növünə və miqyasına görə bu sahədə son 40 ildə həyata keçirilən ən böyük layihədir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB