Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) nümayəndə heyəti ilə görüşüb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşün məqsədi "Heyvandarlıq sektorunun məhsuldarlığı və marketinqinin təkmilləşdirilməsi proqramı" haqqında, Hökumətin gələcək prioritet istiqamətinin müəyyən edilməsi və gələcək tədbirlərə dair qarşılıqlı fikir mübadiləsi aparmaqdan ibarət olub.
Layihənin həyata keçirilməsinin əsas məqsədi kiçik ailə təsərrüfatlarında heyvandarlığın inkişaf etdrilməsi və kommersiya təcrübələrinin tətbiq edilməsində fermerlərə yardım göstərməklə, heyvandarlıq məhsullarının dəyər zəncirin formalaşdırılması və hədəf ərazilərdə fermerlərin gəlirlərinin artırılmasıdır.
Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov İFAD tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirmiş və bundan sonra da əməkdaşlığın inkişafına önəm verdiyini bildirib. Azərbaycanda heyvandarlığın inkişafı ilə əlaqədar olaraq son vaxtlar görülmüş işlər, süni mayalama mərkəzinin yaradılması, süni mayalama yolu ilə hər buzova görə 100 manat məbləğində subsidiyanın verilməsi, heyvandarlıqda seleksiya-damazlıq işlərinin aparılması barədə geniş məlumat verib.
Nazir layihələrin hazırlanmasında və prioritetlərin müəyyənləşdirilməsində son dövrlərdə əldə olunmuş nəticələrin nəzərə alınmasının zəruri olduğunu qeyd edib.
İFAD-ın Yaxın Şərq, Şimali Afrika və Avropa üzrə bölmə direktoru xanım Xalida Bouzer səmimi qəbula görə minnətdarlığını bildirərək Azərbaycanla İFAD arasında ikitərəfli sıx əməkdaşlıq əlaqələrinin olduğunu və bu əlaqələrin dostluq səviyyəsinə yüksəldiyini, yeni layihələrin həyata keçirilməsinə daim dəstək verəcəyini qeyd edib.
Daha sonra layihənin təqdimatı keçirilmiş, geniş müzakirələr aparılıb.
Nazir Heydər Əsədov layihənin daha da təkmilləşdirilməsi məqsədilə öz tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB