Avtomobil yollarını korlayan nəqliyyat vasitələrinə QADAĞA

Avtomobil yollarını korlayan nəqliyyat vasitələrinə QADAĞA

Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, iclasda bildirilib ki, dəyişikliklərə əsasən, yolun hərəkət hissəsinə yanacaq-sürkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılması, habelə daş, çınqıl, qum və ot tökülməsi, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılması qadağan olunur.

Örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkəti, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağan edilir.

Avtomobil yollarının torpaq sahələrində mal-qaraların otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi qadağan olunur.

Digər dəyişikliklər barədə də məlumat verilib və layihə səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə