Bakıda beynəlxalq seminar keçirilir

30 sentyabr - 01 oktyabr tarixlərində Bakıda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə beynəlxalq seminar keçirilir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən SİA-ya verilən məlumata görə, seminarda Beynəlxalq Əmək Təşkilatının, Nəqliyyatçıların Beynəlxalq Federasiyasının, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının, MDB və Baltikyanı ölkələrin Nəqliyyat işçilərinin 15 həmkarlar ittifaqı təşkilatının nümayəndələri iştirak edir.

Tədbiri giriş sözü ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov açaraq qonaqları salamlayıb və seminarın işinə uğurlar arzulayıb.

Seminarın əsas mövzusu Transmilli şirkətlərdə və şəxsi müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasıdır (BƏT-nın 87 və 98-ci Konvensiyalarının icrası).

Seminarın gündəliyinə "BƏT-in 87, 98-ci Konvensiyaları-onların əhəmiyyəti, təcrübə və reallaşdırma problemləri" (məruzəçi Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Serqius Qlovatskas), "Nəqliyyatçıların Beynəlxalq Federasiyasının 43-cü konqresinin yekunları, onun qərar və qətnamələrinin həyata keçirilməsi proqramı" (məruzəçi Nəqliyyatçıların Beynəlxalq Federasiyasının baş katibi Stiven Kotton) və "Postsovet ölkələrinin dəmir yollarında həyata keçirilən hüquqi-təşkilati dəyişikliklərin sahə həmkarlar ittifaqı hərəkatına təsiri" (məruzəçi Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Qennadi Kosolapov) mövzularında məruzələr də daxil edilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Curbanov və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırovun da çıxış etməsi gözlənilir.

Asudə vaxtlarda seminar iştirakçıları üçün Bakının tarixi və görməli yerlərinə ekskursiyalar da təşkil olunub.

Tədbir çərçivəsində iştirakçıların "Azərbaycan Dəmir Yolları" QSC-nin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi ilə görüşü də gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə