"Bankların lisenziyası geri alına bilər" AÇIQLAMA

"Bankların lisenziyası geri alına bilər" AÇIQLAMA

"Gələcəkdə maliyyə durumunu yaxşılaşdıra bilməyən bankların lisenziyası geri alına bilər". Bu sözləri SİA-ya İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov son zamanlar bank sektorundakı ixtisarlarla bağlı gündəmə gələn böhran iddialarına açıqlama gətirərkən bildirib. İqtisadçı bunun bank sektorundakı böhranla əlaqəsinin olmadığını deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın bank sektorunda böhran faktı yoxdur və bu ixtisarları böhranla əlaqələndirmək yanlışdır: "Mərkəzi Bank açıqlamasında iki bankın lisenziyasının geri alınması ilə bağlı qərar qəbul etmişdi. Monitorinqlər nəticəsində daha 3 bankın iqtisadi vəziyyətində problemlər olduğu göstərildi. Bu bankların bir qismi əmanətlərini geri qaytarmaqda çətinlik çəkirdilər".

Vüqar Bayramov bildirib ki, gələcəkdə maliyyə durumunu yaxşılaşdıra bilməyən bankların lisenziyası geri alına bilər: "Amma lisenziyaların alınması bankların müflis olması anlamına gəlməməlidir. Məsələ orasındadır ki, bu banklar öz xərclərini ödəməkdə çətinlik çəkirlər. Təbii ki, bununla bağlı müvafiq tədbirlər görülə bilər. Banklarla filialları birləşdirilə və işçilərin sayı azaldıla bilər. Bununla da müəyyən dərəcədə vəziyyətdən çıxmaq olar".

O bildirib ki, həm qlobal böhran, həm də neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi bank sektoruna öz təsirini göstərir: "Banklardakı ixtisarlar bank sektorundakı böhran anlamına gəlməməlidir. Hazırda Azərbaycanda bank sektorunun gələcəyi ilə bağlı hər hansı narahatçılıq yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə