"Türk axını" layihəsi nəyə görə gündəmdən düşdü? AÇIQLAMA
""Türk axını" ideya kimi ortaya atılmışdı, amma bunun reallaşması həm daxili, həm də xarici faktorlara görə gündəmdən düşdü". Bu sözləri SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu "Türk axını" layihəsi ilə bağlı danışıqların dayandırılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, "Türk axını" iqtisadi layihədən çox, siyasi layihədir: "Əslində "Cənub axını" ilə "Türk axını" layihələri arasında elə də bir fərq yoxdur. Sadəcə Rusiya bu layihəni Türkiyə üçün daha cazibədar etmək istəyirdi. Rusiya "Türk axını" layihəsi vasitəsilə Ukraynanı kənarda qoymağı və təbii qaz ehtiyatlarını Türkiyə vasitəsilə Avropaya daşımağı nəzərdə tutmuşdu. Rusiyanın qarşısına qoyduğu əsas hədəf bu idi. Bu isə nə Qərbi, nə Rusiya ilə Ukrayna məsələsi ilə bağlı çox ciddi fikir ayrılığına malik ABŞ-ı razı sala bilməzdi. Məhz bu faktorlar layihənin gerçəkləşməsini şübhə altına salırdı".
Onun sözlərinə görə, Türkiyə özü də bu layihəyə laqeyd yanaşırdı: "Türkiyə üçün daha vacib olan TAP və TANAP layihələrinin işə düşməsi idi. Bu layihələr Türkiyənin dövlət və milli maraqlarına daha çox cavab verirdi, nəinki "Türk axını" layihəsi.
Digər tərəfdən layihənin reallaşmasına Ukrayna faktoru da mane olurdu. Rəsmi Ankara Krım məsələsi ilə bağlı nə qədər səssiz görünməyə çalışsa da, milli maraqları onu konkret mövqe ortaya qoymağa məcbur edirdi. Müəyyən fikir ayrılıqlarına baxmayaraq Türkiyə Qərbin müttəfiqi və NATO dövlətidir. Bunu tərəflərin heç biri unutmur. Qərbin müttəfiqi kimi onun Rusiya ilə belə bir siyasi addım atması inandırıcı görünmür".
Vüqar Zifəroğlu bildirib ki, məsələ nə qədər siyasi xarakter daşısa da, məsələyə iqtisadi faktorlar da öz təsirini göstərir: "Əslində Türkiyə seçim imkanlarına malikdir. Çünki təbii qaz ixracatçısı olan İranın meydana girməsi Rusiyanın bu sahədəki mövqelərini ciddi şəkildə sarsıtdı və Türkiyənin qarşısında çox cazibədar olan İran, digər tərəfdən Avropa ilə çox ciddi iqtisadi müharibə aparan, münaqişələri olan Rusiya var.
Bütün bu səbəblər "Türk axını" layihəsini Türkiyə üçün o qədər də cazibədar etmir. Türk axını ideya kimi ortaya atılmışdı amma bunun reallaşması həm daxili, həm də xarici faktorlara görə gündəmdən düşdü".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB