Aprelin 25-də Füzuli rayonunun "Qayıdış-10" və "Qayıdış-11" qəsəbələrinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə açılış mərasimləri keçirilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, açılış mərasimlərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, SOCAR rəhbərliyinin təmsilçiləri, Füzuli rayon icra hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 205 abonenti olan "Qayıdış-10" qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6767 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 205 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 202 abonenti olan "Qayıdış-11" qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6544 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 202 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Açılış mərasimlərində çıxış edən Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb, qeyd edib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə "mavi yanacaq"la təmin olunur. Rövnəq Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. İctimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB