DSMF sədri: “Maliyyələşdirilmə qrafikdən əvvəl başa çatdırılıb” AÇIQLAMA

DSMF sədri: “Maliyyələşdirilmə qrafikdən əvvəl başa çatdırılıb” AÇIQLAMA

"2014- 2015-ci illərdə Azərbaycan Respublikasının pensiya təminatı sisteminin islahatı konsepsiyasının icraatı prosesində Dövlət Sosial Müdafiə Fondu sosial tərəfdaşlarla müzakirələrə geniş yer ayırır". Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Dövlət Sosial Müdafiə Fondu və Caspian European Club-un təşkilatçılığı ilə keçirilən biznes forum öncəsi jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, manatın məzənnəsi pensiya sisteminə heç bir təsir etməyəcək. İndeksləşdirilən pensiya fonduna diqqət yetirdikdə neftin qiymətinin bundan öncəki düşmələrində də ödənişdə heç bir problem olmadığını görmək mümkündür: "İqtisadiyyatda baş verən proseslər, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətdə saxladığı manatın məzənnəsi ilə bağlı məsələlər pensiya sisteminə təsir göstərmir. Çünkü pensiya sisteminin özünün bazar iqtisadiyyatı mühitində fiskal təsirlərdən qorunma mexanizmi var. Qanunvericiliyə uyğun olaraq hər il biz cənab Prezidentin tapşırığına uyğun olaraq həm əmək pensiyalarının siğorta hissəsinin inflyasiya faizinə uyğun olaraq indeksləşdirilməsini aparırıq. Həm də sosial siğorta haqları şəklində ödənilib fərdi hesablarda qeydiyyata alınan pensiya kapitallarını da biz, inflyasiya göstəricilərinə uyğun olaraq indeksləşdiririk. Bütün bunlar bazar iqtisadiyyatı mühitində pensiya sisteminin mənfi fiskal təsirlərdən, o cümlədən inflyasiyadan qorunması mexanizmini ifadə edir. Bu gün Dövlət Sosial Müdafiə Fondunun göstəricilərinə diqqət etdikdə neftin qiymətinin dəyişməsi və yaxud da iqtisadiyyatda baş verən digər proseslərin pensiya sisteminə təsir etmədiyini aydın müşahidə etmək mümkündür.

Elman Mehdiyev həmçinin qeyd edib ki, 2014-cü il ölkəmizin pensiya fondu üçün uğurlu il olub. Pensiya və müavinətlərin maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb: "Məlum olduğu kimi, 2014-cü il DSMF üçün kifayət qədər uğurlu maliyyə ili olub və Fond il üzrə maliyyələşmələri qrafiklə nəzərdə tutulduğu müddətdən əvvəl yekunlaşdırıb və hətta ilin sonuna Fondun profisiti bu hesaba görə sərbəst qalıb. Cari ilin maliyyə göstəricilərində də bunu aydın müşahidə etmək mümkündür. İstər yanvar ayı olsun, istərsə fevral ayı olsun biz artıq pensiyaların maliyyələşdirilməsini artıq qrafikdən əvvəl yekunlaşdırırıq. Qeyd etmək istəyirəm ki, hazırda bu günkü tarixə görə, Azərbaycan Respublikası üzrə bütün pensiya və müavinətlərin maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb və biz fevral ayını artıq maliyyələşməsini bağlamışıq. Doğrudur, bir sıra hallarda pensiyaların ödənilməsi prosesində bankomatların qarşısında gərginliklər müşahidə edirik amma bu pensiyaların maliyyələşdirilməsində problem kimi qiymətləndirilməməlidir. Bu məhz vətəndaşların maliyyələşmə günündə bir gündə öz vəsaitlərini bankomatdan nağd çıxardılmasına əsaslanır və bu səbəbdən qaynaqlanır. Bu məsələnin də tənzimlənməsi üçün DSMF aidiyyatı strukturlarla birgə iş aparırıq və biz əsasən iki istiqamətdə prosesin yumşaldılmasını nəzərdən keçiririk. Bunlardan birincisi plastik kart sahiblərinə müxtəlif bankların bankomatlarından istifadə etməyin yaradılmasıdır. Yəni banklar araında interfeys əlaqəsinin gücləndirilməsi hesabına pensiyaçılarımız onlara məxsus plastik kartlardan müxtəlif bankların bankomatlarında istifadə etməklə pensiyalarını əldə edə biləcəklər. İkinci istiqamət isə nağdsız ödəniş şəbəkəsinin genişləndirilməsi və pensiyaçılar arasında bu sahədə təşviqatın aparılmasıdır".

Fondun sədri vurğulayıb ki, artıq "pensiya plus" layihəsi öz işini icra edir. Ölkədə bankomatların sayı artırılıb: "Artıq ötən ilin əvvəlindən etibarən biz "pensiya plyus" layihəsinə start vermişik. Həmin layihə pensiyaçılar araasında nağdsız ödənişin təşviqini ifadə edir və əgər hansı isə pensiyaçımız nağdsız ödəniş fəaliyyətindən istifadə edərsə biz onlara bir aylıq pensiya məbləğində faizsiz kredit təklif edirik. Bütün bunlar pensiyaçılar arasında nağdsız ödənişin təşviqinə yönəlib və son bir ildə artıq məlumdur ki Azərbaycanda post terminalların sayı təqribən 10 dəfəyə yaxın artıb. Əhali arasında nağdsız ödənişin geniş tətbiqi bu sahədəki problemlərin də aradan qaldırılmasının digər variantı kimi nəzərdən keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə