Ölkə başçısı bankların işini müsbət qiymətləndirib

Ölkə başçısı bankların işini müsbət qiymətləndirib

"Bu il Azərbaycan hökuməti qarşısında əsas vəzifələrdən biri bank resurslarının real iqtisadiyyata yönəldilməsi olacaq". SİA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Qeyri –neft sektorunun inkişaf etdirilməsində bankların xüsusi rolu olduğunu qeyd edən ölkə başçısı bankların iqtisadiyyata ayırdığı kreditlərdən danışıb: "Son vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Mən bunu dəstəkləyirəm və keçən müşavirələrin birində qeyd etmişdim ki, daha çox bu sahəyə kreditlər verilməlidir. Biz artıq bunu görürük. Bu, çox müsbət yanaşmadır, bank sektorunun məsuliyyətini göstərir. 2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək".

İlham Əliyev bankların tikinti və istehlaka ayırdığı kreditlərdən danışarkən, real sektora istiqamətlənməyin vacib olduğunu vurğulayıb: "Əlbəttə, indi müxtəlif istehlak kreditlərinə də, digər layihələrə də vəsait ayrılmalıdır. İndi Azərbaycanda ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat inkişaf edir, insanların bu layihələrə ehtiyacı var. Bu da lazımdır. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə