Heydər Əsədov: “Bizim taxıl ehtiyatlarımız kifayət qədərdir” Açıqlama

Heydər Əsədov: “Bizim taxıl ehtiyatlarımız kifayət qədərdir” Açıqlama

"Bu il dünya üzrə taxıl ehtiyatının həcmi 7 milyon ton artıb. Bu rəqəm taxılla bağlı ciddi bir narahatlığın olmadığını göstərir". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə verdiyi açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. O, Rusiyanın taxıl ixracına qoyduğu qadağanın ciddi narahatlıq doğurmadığını ifadə edib: "Rusiya taxıl üçün nəzərdə tutduğu və proqnozlaşdırdığı ixrac imkanlarının 90%-ni artıq istifadə edib. Biz daim beynəlxalq prosesləri araşdırırıq. Həm Avropa bazarında, həm də Amerika bazarlarındakı taxılın qiymətlərini izləyirik".

Nazir bundan başqa bu il dünyada taxıl ehtiyatının proqnozlaşdırıldığında çox olduğunu da qeyd edib və sözlərinə taxıl ehtiyatının ölkəmizdə artırılması üçün addımlar atılacağını əlavə edib: "Bu ilin sonunda yenidən dünya üzrə taxıl ehtiyatı artıb. Bizim istənilən bazarla əməkdaşlıq etmək imkanımız var. Dünya taxıl ehtiyatının azalmaması fonunda qiymətlərin artacağını gözləmirik. Bizim taxıl ehtiyatlarımız kifayət qədərdir. Dünyadakı trendlər bizə heç bir qorxulu və riskli şərait vəd etmir. Artıq Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye, eləcə də Fövqəladə Hallar nazirlikləri bununla bağlı hökumətə təkliflər verib. Yaxın dövrlərdə hökumət taxıl ehtiyatının 500 min tondan 700-750 min tona qədər qaldırılması ilə bağlı qərar verəcək. Bu da əhalinin 6 aylıq taxıl və un məhsullarına olan tələbatının ödənilməsinə imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə