Azərbaycanla Qətər arasında memorandum imzalanıb

Azərbaycanla Qətər arasında memorandum imzalanıb

Dekabrın 7-dən 10-dək Qətərin Doha şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2014" sərgisində Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, sərgidə sahəsi 120 kv.m olan Azərbaycan pavilyonu təşkil edilib.

Əli Abbasov açılış mərasimində və çoxsaylı sessiyalarda iştirak edib, bir sıra görüşlər keçirib. Nazir açılış mərasimində "Rəqəmli fərqliliyin aradan qaldırılması", "Geniszolaqlı internetin universal xidmətə çevrilməsi üçün addımlar" və "Çevik idarəçilik: Rəqəmli iqtisadiyyatın inkişafı" panellərində məruzəçi kimi iştirak edib.

Səfər zamanı Əli Abbasov Rusiyanin rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov və Qətərin informasiya və kommunikasiya texnologiyaları naziri xanım Hessa Sultan Əl-Caber ilə ikitərəfli görüşlər keçirib və əməkdaşlıq məsələlərini müzakirə edib.

Səfər çərçivəsində həmçinin "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə