8 arıçı yarmarkaya buraxılmadı

Bu gün Kənd Təsərrüfatı Nazirliyi arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını təşkil edib. SİA-nın məlumatına görə, oktyabrın 30-dək davam edəcək sərgi-satış yarmarkasında cari ildə şəffaflığın və məhsulun keyfiyyətinə maksimum dərəcədə nəzarət olunmasının təmin edilməsi məqsədi ilə bir çox yeniliklər tətbiq edilib. Belə ki, yarmarkaya ancaq öz arıxanalarını müvafiq rayon baytarlıq idarələrində qeydiyyatdan keçməklə arıxananın qeydiyyat pasportunu əldə etmiş və zona baytarlıq laboratoriyalarında məhsullarını müayinə etdirərək müsbət cavablar almış arıçılar buraxılıb. Yarmarkaya çıxarılacaq məhsullar 10 sentyabr 2014-cü il tarixdən xüsusi mühafizə edilən anbarlara toplanıb və Respublika Baytarlıq Laboratoriyasında gizli kodla müayinəyə cəlb edilib. Müayinələrin nəticəsinə görə normativ tələblərə cavab verməyən məhsul gətirmiş 8 arıçı yarmarkaya buraxılmayıb və 3530 kq keyfiyyətsiz balın satışına icazə verilməyib.

Yarmarkanın keçirildiyi ərazidə video müşahidə quraşdırılıb ki, bunun vasitəsilə yarmarka sutka ərzində onlayn rejimdə nazirlik tərəfindən izlənilir.

Yarmarkada Naxçıvan MR və respublikanın 40 rayonundan 438 nəfər arıçı iştirak edir və 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmun satışa çıxarılıb. Arıçılıq sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə yarmarkada Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına şərait yaradılıb.

Qeyd edək ki, kənd təsərrüfatı naziri Heydər Əsədov da yarmarkaya gələrək, sərgi ilə tanış olub, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Onu da nəzərinizə çatdıraq ki, sentyabrın 29-da arıçılığa həsr edilmiş seminar keçirilib və arıçılıq sahəsində ictimai birliklərin, təcrübəli arıçıların, alim və mütəxəssislərin iştirakı ilə arıçılıq sahəsində mövcud çətinliklər, damazlıq işləri, xəstəlik problemləri, arıçılıq məhsullarının marketinqi və s. məsələlər müzakirə edilib. Seminarın sonunda yarmarkadakı yerlərin püşkatması keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə