Aydın Hüseynov: "Azərbaycan rəqabət qabiliyyətliliyinə görə MDB-də ilk yerdədir" Münasibət

Aydın Hüseynov: "Azərbaycan rəqabət qabiliyyətliliyinə görə MDB-də ilk yerdədir" Münasibət

"Dünya İqtisadi Forumu dünya ölkələrinin rəqabət qabiliyyətliliyi səviyyəsini müəyyən edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2014-2015" hesabatını dərc edib. Hesabata görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə əsasən, tədqiqatın aparıldığı ölkələr arasında 38-ci yerdə qərarlaşıb. Ötən il respublikamız sözügedən hesabatda 39-cu yeri tutmuşdu. Beləliklə, son bir il ərzində Azərbaycanın rəqabət qabiliyyətlilik indeksini daha da yaxşılaşdıraraq dünya sıralamasında 1 pillə irəliləyib". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İqtisadi məsələlər komissiyasının sədr müavini, iqtisadçı Aydın Hüseynov deyib.

Hesabatı şərh edən Aydın Hüseynovun fikrincə, rəqabət qabiliyyətliliyin müəyyən olunması üçün 12 göstəricidən istifadə edən Forumun hesabatında Azərbaycan bütün göstəricilər üzrə yaxşı nəticələr əldə edib: "Ölkəmizin iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən, MDB ölkələri arasında birinci mövqeyini saxlayıb. Respublikamız ilk dəfə reytinqdə iki Baltikyanı ölkəni - Latviya və Litvanı qabaqlayır. Hesabata əsasən, biznesin qeydiyyatı üçün lazım olan prosedurların sayına görə Azərbaycan 10-cu yeri, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cı yeri tutub. ÜDM-in həcminə görə ölkəmiz 70-ci pillədə qərarlaşıb. İnflyasiyanın səviyyəsinə görə isə Azərbaycan birinci yerdə qərarlaşıb. Həmçinin, ölkəmizin "əmək bazarının səmərəliliyi", "texnoloji səviyyə", "maliyyə bazarının inkişafı" göstəriciləri üzrə də mövqeyi yaxşılaşıb".

İqtisadçı onu da bildirib ki, ölkəmizin yeni reytinqdə mövqeyinin yaxşılaşması Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir: "Azərbaycan son 10 ildə iqtisadi və sosial sahələrin inkişafında yüksək nəticələrə nail olub. Ölkədə ÜDM 3 dəfədən çox artıb. İqtisadiyyatın qeyri-neft sektorunun artım tempi son 10 ildə orta hesabla 10 faiz təşkil edib. 2013-cü ilin nəticələrinə görə, ölkə ÜDM-i 5,8 faiz, qeyri-neft sektoru isə 10 faiz artıb".

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavininin sözlərinə görə, son 9 ildə ölkəmiz "Qlobal rəqabət qabiliyyəti indeksi" hesabatları üzrə 31 pillə, 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2014-cü ildə 38-ci yerədək irəliləyib: "2005-2013-cü illər ərzində Azərbaycanla yanaşı, MDB ölkələri arasında yalnız Qazaxıstan və Rusiyanın rəqabət qabiliyyəti indeksləri yüksəlib. Azərbaycan Dünya İqtisadi Forumunun mövcud hesabatında biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi (biznesin qeydiyyatı) göstəricisi üzrə dünya ölkələrinin top-onluğuna daxil edilib. Respublikamızın hesabatda mövqeyinin yaxşılaşması xarici investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına, yeni sərmayə qoyuluşlarına səbəb olacaq. Yeni investisiyalar isə regionlarda yeni müəssisələrin yaradılması, əlavə iş yerlərinin açılması, məşğulluğun səviyyəsinin yüksəlməsi üçün güclü zəmin deməkdir. Eyni zamanda bu tədbirlər sayəsində insanların həyat şəraiti ilə bağlı sosial göstəricilər də yaxşılaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə