Azərbaycan-AİB tərəfdaşlığının 15 illiyi qeyd olunub

Azərbaycan-AİB tərəfdaşlığının 15 illiyi qeyd olunub

Hilton mehmanxanasında Azərbaycanın Asiya İnkişaf Bankına (AİB) üzv olmasının 15-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın dövlət və hökumət rəsmilərinin, AİB-in, beynəlxalq maliyyə institutlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə bankın Azərbaycandakı fəaliyyəti barədə məlumat verilib.

Tədbirdə çıxış edən Azərbaycanın maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının hazırkı sədri Samir Şərifov bank ilə Azərbaycan arasında 15 illik tarixi olan əməkdaşlığın bir çox əhəmiyyətli sahələri əhatə etdiyini vurğulayıb. Müstəqil Azərbaycanın gənc dövlət olaraq, qısa vaxtda böyük uğurlar qazandığını qeyd edən nazir bildirib ki, ölkənin bugünkü inkişafında, o cümlədən yoxsulluğun azaldılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı sahəsində əldə olunan nailiyyətlərdə Asiya İnkişaf Bankının dəyərli töhfələri olub.

S.Şərifov bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu uğurlu əməkdaşlıq illərində Azərbaycan Asiya İnkişaf Bankından bütün inkişaf və dəyişiklik istiqamətində strateji dəstək alıb.

Nazir diqqətə çatdırıb: "AİB ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələri üzrə 20 kredit və 1 qrant layihəsinin maliyyələşdirilməsi üçün 1,64 milyard ABŞ dolları dəyərində vəsait ayırmışdır ki, bunun 143,0 milyon ABŞ dollarını özəl sektorda 6 layihənin maliyyələşdirilməsinə yönəldilmiş kreditlər, 14,4 milyon ABŞ dollarını texniki yardım qrantları təşkil edib. Ölkəmizdə Asiya İnkişaf Bankı tərəfindən əsasən nəqliyyat, su təchizatı, enerji, həmçinin maliyyə sektoru, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr maliyyələşdirilib. 2014-cü il yanvarın 1-nə olan məlumata görə, AİB ilə imzalanmış kredit sazişləri üzrə 1333,9 milyon ABŞ dolları ekvivalentində vəsaitin cəlb olunması nəzərdə tutulub. Bu gün Azərbaycanın artan maliyyə imkanları birgə layihələrin həyata keçirilməsinə imkan yaradıb. Asiya İnkişaf Bankı yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində hökumətin məqsəd və fəaliyyətinə şərik olur".

Prezident İlham Əliyevin Asiya dövlətləri ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən nazir bu baxımdan 2015-ci ildə Asiya İnkişaf Bankının 48-ci illik toplantısına ölkəmizin ev sahibliyi etməsinin müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

AİB-in vitse-prezidenti Vençay Janq Azərbaycan Respublikası ilə bank arasında 15 illik səmərəli əməkdaşlıqdan danışmış, bu əməkdaşlığı daha da inkişaf etdirməkdə və genişləndirməkdə maraqlı olduqlarını ifadə edib. Bildirilib ki, etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində Asiya İnkişaf Bankı bundan sonra da hökumətlə uğurlu əməkdaşlığı davam etdirəcək.

Azərbaycan Respublikası 1999-cu il oktyabrın 29-da "Asiya İnkişaf Bankının təsisi haqqında Saziş"ə qoşulmuş və bankın üzvlüyünə qəbul edilib. Ölkəmiz ümumi səhm paketinə və səsvermə statusuna görə bankın 26-cı, regional üzvlər arasında isə 18-ci ən böyük payçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə