Aydın Hüseynov: "Türkiyə və Gürcüstan Azərbaycanın ən etibarlı tərəfdaşlarıdır"

Aydın Hüseynov: "Türkiyə və Gürcüstan Azərbaycanın ən etibarlı tərəfdaşlarıdır"

"Həm Gürcüstan, həm də Türkiyə Azərbaycanla iqtisadi sferada əməkdaşlıq edən ölkələr arasında ən önəmli yeri tutur. Həmçinin hər iki ölkənin siyasi maraqları Azərbaycanın siyasi mövqeyi ilə eynilik təşkil edir, beynəlxalq arenada hər üç dövlət bir-birini dəstəkləyir". SİA-ya açıqlamasında YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov ötən gün Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən sammiti şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanın dünya ölkələri arasında ən çox investisiya yatırdığı ölkələrin məhz Gürcüstan və Türkiyə olması heç də təsadüfi deyil: "İqtisadi baxımdan Azərbaycanla Türkiyə və Gürcüstan arasında köklü əlaqələr mövcuddur. Bu da, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi strategiyanın tərkib hissəsidir və bu əməkdaşlıq hazırkı dövrdə ölkə rəhbərliyi tərəfindən də inkişaf etdirilir. Artıq uzun müddətdir ki, fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, cari ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TAP, TANAP və "Şahdəniz -2" layihələri Azərbaycan, Türkiyə və Gürcüstanın həm siyasi, həm də iqtisadi maraqları təmin edir, yeni layihələrin təməlinin qoyulmasına yol açır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası müasir dövrdə "İpək yolu"nun bərpası, Mərkəzi Asiya ilə Avropanın birləşdirilməsi deməkdir. TAP və TANAP layihələrində isə ideya müəllifi və aktiv tərəflərdən biri olan Azərbaycan 2015-ci ildə mavi yanacağı ilə Avropa bazarına çıxmaqla həm Türkiyə, həm də Gürcüstanla iqtisadi əməkdaşlığını daha da möhkəmlədəcək. Bu layihələrin hər birinin reallaşmasında Azərbaycan əsas təşəbbüskar tərəf kimi çıxış etməklə yanaşı, onlara ən çox investisiya yatıran ölkələr sırasında da liderdir. Coğrafi baxımdan isə bu layihələrin həyata keçməsini Türkiyə və Gürcüstansız təsəvvür etmək mümkün deyil. Gələcəkdə də yeni layihələrin reallaşması zamanı güc mənbəyi kimi çıxış edəcək Azərbaycan, Türkiyə və Gürcüstan etibarlı tərəfdaş kimi hər zaman bir-birinin həm siyasi, həm də iqtisadi maraqlarını dəstəkləyəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə